Ötən il “Ziraat Bank Azərbaycan” 3 mln. manat mənfəət əldə edib

«Ziraat Bank Azərbaycan» ASC 2015-ci ildəki fəaliyyətinin nəticələri üzərə audit hesabatını açıqlayıb. Bankdan fins.az-a verilən məlumata görə, «Ziraat Bank Azərbaycan» yerli bazarda yeni iştirakçı olmasına baxmayaraq 2015-ci ilin sonuna aktivlərini 89 406 000 AZN, kredit portfelini 10 379 min AZN, depozit portfelini isə 12 259 000 AZN səviyyəsinə çatdırmağa nail olub. Ötən il bankın xalis faiz gəlirləri 4 379 min AZN, ehtiyat ayırmalardan sonra xalis faiz gəlirləri isə 3 591 000 AZN olub.

Nəticədə Bank, 2015-ci ili 3 311 000 AZN xalis mənfəətlə başa vurub və ümumi kapitalı 50 milyon AZN-dən 53 311 000 AZN-ə yüksəlib.

Bankın İdarə Heyətinin sədri Avni Demircinin sözlərinə görə, 2015-ci ildə iqtisadiyyatda baş vermiş dəyişiklikləri və ilin birinci yarısını quruculuq işlərinə ayırdığımızı nəzərə alsaq maliyyə nəticələri bank üçün kifayət qədər uğurlu olub. Verilmiş dövr üçün aktivlərdən gələn gəlir (ROA) 3,7%, kapitaldan gələn gəlir (ROE) isə 6,2% təşkil edib. Bank, Mərkəzi Bankın müəyyən etdiyi bütün maliyyə normativləri və tələblərini tam olaraq həyata keçirib.

Avni Demirci bildirib:

«Avropanın ən sağlam ikinci bankı, Türkiyənin ən sağlam və ən böyük bankının 18 ölkədən sonra qardaş ölkə olan Azərbaycanda fəaliyyətə başlaması Azərbaycan ilə Türkiyə və digər ölkələr arasında xarici ticarətin maliyyələşdirilməsi, vasitəçilik xidmətlərinin göstərilməsi, yerli istehsalın artırılması və bunun nəticəsində yeni iş yerlərinin yaranması, iqtisadiyyatın real sektorunun dəstəklənməsi, kiçik və orta sahibkarlığın, eyni zamanda böyük istehsalçıların fəaliyyətinin maliyyələşdirilməsi istiqamətində işimizi davam etdirmək niyyətindəyik».

Mənbə: fins.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır