Azərbaycan banklarından toplanmış son məlumatların təhlili göstərir ki, 2025-ci ilin üçüncü rübündə ödəniş kartları ilə bağlı fırıldaqçılıq hallarının strukturunda və törədilmə üsullarında müəyyən dəyişikliklər qeydə alınıb. Statistik göstəricilər həm ölkədaxili, həm də ölkəxarici əməliyyatlarda rəqəmsal kanalların əsas risk mənbəyi olaraq qaldığını təsdiqləyir.
BBN.az xəbər verir ki, ölkə daxilində baş verən fırıldaqçılıq hallarının təhlilinə əsasən, “hesabın ələ keçirilməsi” fırıldaqçılığı hələ də üstünlük təşkil edir. Bununla belə, bu növ halların payı ilin birinci rübündəki 68,8 faizdən üçüncü rübdə 39,4 faizə enib. Eyni zamanda, itmiş və ya oğurlanmış kartlardan istifadə, saxta kart əməliyyatları və digər fırıldaqçılıq növlərinin ümumi payı artaraq 60,6 faizə yüksəlib.
Cihaz növləri üzrə bölgü göstərir ki, ölkədaxili fırıldaqçılıq hallarının mütləq əksəriyyəti – 98,9 faizi elektron ticarət platformaları və mobil tətbiqlər vasitəsilə baş verir. POS-terminallar və bankomatlar üzərindən törədilən hallar isə cəmi 1,1 faiz təşkil edir.
Ölkəxarici əməliyyatlara dair statistikaya görə, xarici ölkələrdə Azərbaycan banklarına məxsus kartlarla törədilən fırıldaqçılıq halları əsasən kartın fiziki iştirakı olmadan, yəni onlayn ödənişlər zamanı baş verir. 2025-ci ilin üçüncü rübündə bu növ fırıldaqçılığın payı 73 faiz olub. Cihaz növünə görə isə xaricdə qeydə alınan halların 86,6 faizi elektron ticarət və mobil tətbiqlərin payına düşür.
Ümumilikdə statistik göstəricilər göstərir ki, fırıldaqçıların əsas hədəfi rəqəmsal kanallar – elektron ticarət platformaları və mobil bankçılıq tətbiqləridir. Belə ki, istər ölkədaxili, istərsə də ölkəxarici əməliyyatlarda fırıldaqçılıq hallarının 85 faizdən çoxu məhz bu kanallar üzərindən həyata keçirilir.
Mütəxəssislər vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirlər. Xüsusilə kart məlumatlarının, birdəfəlik şifrələrin (OTP) və mobil bankçılıq giriş məlumatlarının üçüncü şəxslərlə paylaşılmaması, şübhəli keçidlərə daxil olunmaması və naməlum mənbələrdən daxil olan müraciətlərə diqqətlə yanaşılması tövsiyə olunur.