2025-ci ilin maliyyə bazarları: Qızılın parlaq ili, “Goldilocks” ssenarisi və dolların zəifləməsi

ABŞ-da Donald Trampın yenidən prezidentliyə qayıdışı fonunda 2025-ci ilin maliyyə bazarlarının fərqli olacağı gözlənilsə də, baş verən proseslərin miqyası bir çox investor üçün gözlənilməz olub.

BBN.az xəbər verir ki, qlobal fond bazarları aprel ayında tətbiq edilən “Liberation Day” tariflərinin yaratdığı enişdən sonra bərpa olunaraq ümumilikdə daha 14 trilyon dollar bazar dəyəri qazanıb. Dünya səhmləri son 7 ilin 6-da iki rəqəmli artım göstərib. Bununla belə, digər aktivlərdə mənzərə daha ziddiyyətlidir.

Qızıl rekord səviyyədə, dollar zəifləyir

Qızıl qiymətləri 2025-ci ildə təxminən 70% artaraq 1979-cu ildən bəri ən güclü illik göstəricini nümayiş etdirib. Gümüş və platin isə müvafiq olaraq 130%-ə yaxın yüksəlib.

ABŞ dolları indeksi il ərzində təxminən 10% dəyər itirib. Bu fonda avro 14%, İsveçrə frankı 14,5%, İsveç kronu isə 19% möhkəmlənib. Yapon yeni isə ili demək olar ki, dəyişikliksiz başa vurur.

Neft ucuzlaşıb, kriptobazar dalğalanıb

Neft qiymətləri il ərzində təxminən 17% ucuzlaşıb. Kriptovalyuta bazarında isə kəskin dalğalanmalar müşahidə olunub. Bitcoin oktyabrda 125 min dolları keçərək tarixi maksimuma çatsa da, daha sonra 88 min dollara qədər geriləyib və ili təxminən 5,5% itki ilə başa vurur.

ABŞ prezidenti Donald Trampın kriptobazara münasibəti də diqqət çəkib: o, memkoin buraxıb və Binance-in qurucusu Çanpən Çjaoya prezident əfvi verib.

Səhmlər və borc bazarlarında qeyri-adi mənzərə

Avropada silah istehsalçılarının səhmləri Trampın Avropanın təhlükəsizlik təminatını azaltmaq niyyəti fonunda təxminən 60% bahalaşıb. Avropa bank sektorunun indeksləri isə 1997-ci ildən bəri ən yaxşı ilini yaşayıb.

ABŞ-da üç faiz endirimi, Trampın Federal Ehtiyat Sistemini tənqid etməsi və dövlət borcu ilə bağlı narahatlıqlar istiqraz bazarlarına təsir göstərib. 30 illik ABŞ xəzinə istiqrazlarının gəlirliliyi may ayında 5,1%-ə yüksələrək 2007-ci ildən bəri maksimuma çatıb, hazırda isə 4,8% səviyyəsindədir.

Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrin milli valyutada buraxılmış istiqrazları 2009-cu ildən bəri ən yaxşı göstəricini qeydə alıb.

Süni intellekt faktoru

Goldman Sachs-ın hesablamalarına görə, iri texnologiya şirkətləri (“hiperskalerlər”) 2025-ci ildə təxminən 400 milyard dollar, 2026-cı ildə isə 530 milyard dollara yaxın vəsaiti süni intellekt investisiyalarına yönəldəcək.

Yeni il – yeni risklər

Analitiklərin fikrincə, 2026-cı ilə keçid sakit olmayacaq. ABŞ-da aralıq seçkiləri, Federal Ehtiyat Sisteminin yeni rəhbərinin təyinatı, Avropa və Asiyada siyasi qeyri-müəyyənliklər, eləcə də Yaxın Şərqdə vəziyyət bazarlar üçün risk olaraq qalır.

Satori Insights şirkətinin rəhbəri Matt King bildirir ki, bazarlar yüksək qiymətləndirmələr fonunda “asan pul” siyasətinin sərhədlərinə yaxınlaşır və artıq bəzi “çatların” görünməyə başladığı hiss olunur.

Related posts

Azərbaycandan ABŞ-yə pul köçürmələri 11 mln. dollaradək artıb

“Unibank”ın İdarə Heyətinə yeni təyinat olub

Qızıl rekord həddə yüksəlib: təhlükəsiz aktivlərə tələbat artır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı