28 noyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Cənubi Koreyada səfərdə olduqları müddətdə Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənov ilə görüş keçirib.
Görüş zamanı nümayəndə heyəti 26–28 noyabr tarixlərində Koreyada keçirilmiş rəsmi səfərin məqsədi, təşkil olunan görüşlər və aparılan danışıqlar barədə ətraflı məlumat təqdim edib.
Tədbirdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov, eləcə də Azərbaycan Mərkəzi Bankının nümayəndələri iştirak ediblər. Nümayəndə heyəti səfirliyə Koreya Mərkəzi Bankı, Koreya Kredit Bürosu, Toss Bank və digər aparıcı rəqəmsal banklarla keçirilmiş görüşlər, habelə səfər çərçivəsində öyrənilən qabaqcıl təcrübələr haqqında məlumat verib.
Görüşdə rəqəmsal bankçılıq, ödəniş sistemləri, fintech ekosistemi, məlumat mənbələrinin idarə olunması və innovativ maliyyə həlləri kimi mövzular üzrə aparılan müzakirələr diqqətə çatdırılıb.
Səfir Ramin Həsənov bank və maliyyə sahəsində əməkdaşlıq imkanları ilə bağlı öz tövsiyələrini bölüşüb, əlaqədar qurumlarla mümkün əməkdaşlıq perspektivləri barədə məlumat verib və bu istiqamətdə Azərbaycan banklarına və ABA-ya dəstək göstərməyə hazır olduğunu bildirib.
Tərəflər, həmçinin, gələcək əməkdaşlıq imkanları, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də Azərbaycan bank sektorunda rəqəmsallaşma təşəbbüslərinin inkişaf perspektivlərini nəzərdən keçiriblər.
ABA nümayəndə heyəti səfirliyə göstərilən dəstəyə görə təşəkkür edib və qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin önəmini vurğulayıblar.