Federal Ehtiyat Sisteminin (Fed) Filadelfiya regional bankının rəhbəri Anna Paulson bəyanatları ilə maliyyə bazarlarında bomba effekti yaradıb! Paulson ABŞ-da inflyasiyanın hələ də “çox yüksək” olduğunu xatırladaraq bazarların yaxın dövrdə faiz endirimi gözləmək əvəzinə, yeni faiz artımı ssenarilərini qiymətləndirməsini tamamilə “sağlam və doğru bir yanaşma” adlandırıb. Yaxın Şərqdəki geosiyasi gərginliyin enerji daşıyıcılarını kəskin bahalaşdırdığını, ABŞ-da benzin qiymətlərinin ilin əvvəlindən bəri 50%-dən çox artdığını və mart ayında inflyasiyanın (PCE) 3.5%-ə yüksəldiyini vurğulayan Fed rəsmisi pul-kredit siyasətinin daha da sərtləşdirilə biləcəyinə eyham vurub. Hazırda faizlərin mövcud səviyyədə saxlanılmasının inflyasiyanı cilovlamaq üçün kifayət etdiyini bildirsə də onun “faiz artımı ehtimalını tamamilə kənara atmaq səhv olardı” fikri investorlar arasında ciddi təşvişə səbəb olub. İlin əvvəlində 2026-cı il üçün 3 faiz endirimi proqnozlaşdıran birja iştirakçıları artıq planlarını tamamilə dəyişərək il bitmədən Fed-in faizləri yenidən artıra biləcəyi ssenarisini qiymətləndirməyə başlayıblar.