ABŞ dolları Asiya ticarət sessiyasının əvvəlində təxminən son iki ayın ən aşağı səviyyələrinə yaxınlaşıb. İnvestorlar gecikdirilmiş ABŞ məşğulluq məlumatlarının açıqlanmasını gözlədikcə dollar təzyiq altında qalır.
BBN.az xəbər verir ki, dolların altı əsas valyutaya qarşı məzənnəsini ölçən Dollar İndeksi 0,2% azalaraq 98,261 səviyyəsinə enib ki, bu da oktyabrın 17-dən bəri ən aşağı göstəricilərə yaxındır.
ABŞ Əmək Statistikası Bürosu uzun müddət gözlənilən oktyabr və noyabr ayları üzrə birgə qeyri-kənd təsərrüfatı məşğulluq hesabatını bu gün açıqlamalıdır. Məlumatların gecikməsinə ABŞ tarixində ən uzun federal hökumət bağlanması səbəb olub.
HSBC-nin valyuta araşdırmaları üzrə qlobal rəhbəri Pol Makelin fikrincə, bu hesabatlar hökumət bağlanması dövründə ABŞ-da əmək bazarının real vəziyyətinə aydınlıq gətirəcək. O bildirib ki, Federal Ehtiyat Sisteminin son açıqlamaları dolların hələ tam təhlükəsiz zonada olmadığını göstərir.
FedWatch alətinə görə, bazarlar yanvarın 28-də keçiriləcək FED iclasında faiz dərəcələrinin dəyişdirilməməsi ehtimalını 75,6% səviyyəsində qiymətləndirir.
Bu həftə bazarlar üçün digər mühüm hadisələr də gözlənilir. Yaponiya Bankının cümə günü faiz dərəcələrini 25 baza bəndi artıraraq 0,75%-ə qaldıracağı proqnozlaşdırılır. İngiltərə Bankının isə faizləri eyni həcmdə azaldaraq 3,75%-ə endirə biləcəyi bildirilir. Avropa Mərkəzi Bankının, eləcə də İsveç və Norveç mərkəzi banklarının faizləri sabit saxlaması gözlənilir.
Valyuta bazarlarında dollar yenə qarşı 0,1% ucuzlaşaraq 155,07 səviyyəsinə düşüb. Avro Ukrayna müharibəsinin dayandırılması istiqamətində sülh danışıqlarında irəliləyiş fonunda 1,17535 dollar səviyyəsində sabit qalıb. Funt sterlinq isə 1,3376 dollar olub.
Dollar Çin yuanına qarşı ofşor bazarda 7,0371 səviyyəsində ticarət edilib ki, bu da 2024-cü ilin oktyabrından bəri ən zəif göstəricidir.
Avstraliya dolları 0,1% artaraq 0,66445 dollar, Yeni Zelandiya dolları isə 0,1% yüksələrək 0,5788 dollar olub. Hər iki ölkənin mərkəzi banklarının əlavə faiz endirimlərinə getməyəcəkləri barədə siqnallar bu valyutalara dəstək verir.
Kriptovalyuta bazarlarında isə zəif artım müşahidə olunub. Bitcoin 0,2% bahalaşaraq 86 420 dollar, Ethereum isə 0,6% artaraq 2 963 dollar səviyyəsində qərarlaşıb.