ABŞ Maliyyə Nazirliyinin aparat rəhbəri Dan Kats Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktorunun birinci müavini vəzifəsinə təyin edilib. “APA-Economics” xəbər verir ki, BVF-in İcraçı Şurası təyinatı təsdiqləyib və Kats oktyabrın 6-dan yeni vəzifəsinə başlayıb.
BVF-in icraçı direktoru Kristalina Georgiyeva təyinatdan məmnunluğunu ifadə edərək bildirib: “Qlobal iqtisadiyyatda mühüm transformasiyaların baş verdiyi bir vaxtda, cənab Katsın təyinatı Fond üçün böyük qazancdır. Onun zəngin təcrübəsi və liderlik bacarığı mürəkkəb çağırışların həllinə mühüm töhfə verəcək”.
Dan Kats isə çıxışında İcraçı Şuranın etimadını yüksək qiymətləndirib: “BVF beynəlxalq pul sistemində əvəzolunmaz rola malikdir. Mən Fondun rəhbərliyində fəaliyyət göstərmək, əməkdaşlarla sıx işləmək və üzv ölkələrə xidmət göstərmək üçün səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Dan Kats ABŞ Maliyyə Nazirliyində aparat rəhbəri vəzifəsində çalışaraq nazir Skott Bessentin baş məsləhətçisi olub. O, Ukrayna ilə iqtisadi tərəfdaşlığın inkişafı və regional iqtisadi məsələlərin həllində mühüm rol oynayıb. Kats həmçinin ABŞ-ın Maliyyə Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, Maliyyə Sabitliyi Şurasında ölkəsini təmsil edib, eləcə də Manhetten İnstitutunda aparıcı tədqiqatçı, qlobal makro-hedc fondu və Goldman Sachs investisiya bankında fəaliyyət göstərib.