ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampın Kanadaya tətbiq etdiyi yüksək ticarət tariflərinə qarşı qətnaməni qəbul edib. Səsvermə 219 lehinə, 211 əleyhinə nəticələnib. Maraqlısı odur ki, 6 respublikaçı da demokratlara qoşularaq tariflərin ləğvinə dəstək verib. Qətnamə Trampın Kanadaya qarşı elan etdiyi “milli fövqəladə vəziyyət” qərarını dayandırmağı hədəfləyir. Sənəd indi Senata göndəriləcək. Lakin Senatda kifayət qədər səs toplanmasa və ya Tramp veto qoysa, qərarın qüvvəyə minməsi çətin olacaq. Vetonu aşmaq üçün Konqresdə üçdə iki səs çoxluğu tələb olunur. Qeyd edək ki, ümumilikdə 2025-ci ildə Kanada mallarına 25% tarif tətbiq olunub . Sonradan bəzi məhsullara tarif 35%-ə qaldırılıb. Tramp hətta Kanadanın Çinlə ticarət razılaşması imzalayacağı halda 100% tarif tətbiq edilə biləcəyini də bildirib. Qeyri-partiyalı Tax Foundation analitik mərkəzinin hesablamasına görə, Trampın bu tarif siyasətinin nəticələri sadə amirka ailələri üçün də ürəkaçan olmayıb. Beləki, bu siyasət 2025-ci ildə ABŞ-da hər ailəyə orta hesabla 1.000 dollar, 2026-cı ildə isə 1.300 dollar əlavə vergi yükü yaradıb. Analitiklər hesab edir ki, bu addım Konqresdə Trampın digər tarif qərarlarına qarşı da yeni təşəbbüslərin başlanğıcı ola bilər.