ABŞ Xəzinədarlığı uzunmüddətli dövlət istiqrazlarının geri alış həcmini artırmasına baxmayaraq, mövcud borc hərracları qrafikini dəyişdirməyi planlaşdırmır.
ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Xəzinədarlıq avqustun əvvəlində açıqlanan müntəzəm borc hərracları proqramını, o cümlədən uzunmüddətli istiqrazların satışını davam etdirəcək.
Bessentin sözlərinə görə, genişləndirilmiş geri alış proqramı çərçivəsində Xəzinədarlıq hələ istiqraz alışlarına başlamayıb. İlk genişləndirilmiş əməliyyatın sentyabrın 10-da 10 və 20 illik istiqrazlar üzrə keçirilməsi nəzərdə tutulur.
Xəzinədarlıq bundan əvvəl 10-30 illik dövlət istiqrazlarının rüblük geri alış həcmini iki dəfə artıracağını açıqlayıb. Növbəti rüb ərzində hər əməliyyat üzrə geri alışın ən azı 4 milyard dollar olması planlaşdırılır. Bu addım uzunmüddətli istiqrazların gəlirliliyinin təxminən son 20 ilin ən yüksək səviyyələrinə çatmasından sonra atılıb.
Geri alışların artırılması ilkin mərhələdə 10, 20 və 30 illik ABŞ istiqrazlarının gəlirliliyinin azalmasına səbəb olsa da, həftənin sonuna doğru bu təsirin böyük hissəsi aradan qalxıb.
Bessent geri alış proqramının əsas məqsədinin uzunmüddətli dövlət istiqrazları bazarında likvidliyi dəstəkləmək olduğunu bildirib. ABŞ hökuməti yüksək faiz dərəcələri fonunda artan dövlət borcuna xidmət xərcləri ilə üzləşir.
Diqqət çəkən digər məqam Xəzinədarlığın Federal Ehtiyat Sistemində saxladığı və hökumətin əsas pul hesabı hesab olunan Treasury General Account-dur (TGA). Hesabdakı vəsait ötən həftənin ortasına olan məlumata görə təxminən 940 milyard dollar təşkil edib. Geri alışların bu vəsait hesabına maliyyələşdirilməsi Xəzinədarlığın əlavə qısamüddətli borc buraxmaq ehtiyacını azalda bilər.
ABŞ-ın ümumi dövlət borcunun artıq 40 trilyon dolları ötməsi fonunda Xəzinədarlığın istiqraz bazarına daha fəal müdaxiləsi investorların diqqət mərkəzində qalır.