Mənbə: Report.az
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda maliyyələşdirici tərəfdaş olmaqla yanaşı, həm də strateji investor kimi fəaliyyət göstərir.
Bunu ADB-nin Azərbaycan nümayəndəliyinin İnvestisiya üzrə baş inzibatçısı Sənan Şabanov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) panel müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, ADB yalnız maliyyələşdirmə ilə kifayətlənmir, həm də əlverişli biznes mühitinin formalaşdırılması üçün yerli hakimiyyət orqanları ilə əməkdaşlıq edir:
“Yaxşı nümunə kimi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə tərəfdaşlığımızı göstərə bilərəm. Ötən il bu əməkdaşlığı rəsmiləşdirərək memorandum imzaladıq. İctimai və özəl tərəfdaşlıq mühitinin formalaşdırılması, yerli qanunvericiliyin təkmilləşdirilməsi və yeni maliyyə alətlərinin hazırlanması üzərində birgə çalışırıq. Qısaca desək, ADB Azərbaycanda strateji investordur. Biz hökumət və yerli qurumlarla işləyərək biznes mühitinin inkişafına dəstək verir, kiçik və orta biznesə (KOB) fayda gətirmək üçün bütün imkanlardan istifadə edirik”, – deyə o bildirib.
S. Şabanov əlavə edib ki, ADB həm maliyyə məhsulları, həm də texniki yardım vasitəsilə yerli institutların və KOB-ların potensialını gücləndirir:
“Məsələn, qadınların biznesə çıxış imkanlarının artırılması layihəsini qeyd edə bilərəm. Bu layihə “AccessBank” ilə icra olundu və nəticədə təxminən 30 qadın sahibkarlıq fəaliyyəti dəstək aldı”.
ADB rəsmisinin sözlərinə görə, Bank Azərbaycanda kommersiya bankları vasitəsilə mikro və kiçik bizneslərə çıxış imkanı yaradır:
“2023-cü ildə “Bank Respublika”ya milli valyutada kredit təsdiqlədik və həmin vəsaitlər mikro-bizneslərə, o cümlədən qadın sahibkarların rəhbərlik etdiyi bizneslərə yönəldildi. Bundan əlavə, biz “TuranBank” və “Rabitəbank” ilə də əməkdaşlıq edirik. Bu banklar KOB-ların, xüsusilə də sərhədlərarası əməliyyatlarının dəstəklənməsində iştirak edir”.