Ukraynada müharibə başladıqdan bəri Avropa İttifaqı Kiyevə ümumilikdə 169 milyard avro həcmində maliyyə dəstəyi göstərib.
BBN.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Avropa Parlamentində çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, son 3,5 ildə Aİ ölkələri Ukraynaya hərbi texnika, silahlar, kreditlər və iqtisadi dəstək daxil olmaqla müxtəlif növ yardımlar təqdim edib. Ümumi məbləğin 63 milyard avrodan çoxu sursat, raket və digər hərbi təchizatın alınmasına yönəldilib. Kallas əlavə edib ki, 2025-ci ilin sonunadək Kiyevə ayrılan maliyyə vəsaiti üçillik maksimum həddə çatacaq.
Diplomat Avropa deputatlarını Ukraynaya yardımı davam etdirməyə çağıraraq “Rusiyanın Qərbin sülh təşəbbüslərinə reaksiyası yalnız daha çox təcavüz olub.”-deyə bildirib
Xatırladaq ki, bundan əvvəl Ukraynanın maliyyə naziri Serhi Marçenko ölkənin 2025-ci ilə qədər xarici maliyyə ehtiyacının 45 milyard dollar olduğunu demişdi. Nazir vəsaitin əsasən dövlət xərcləri və müdafiə büdcəsinə lazım olduğunu, lakin tələb edilən məbləğin tam təmin edilmədiyini vurğulamışdı.
Ukrayna Milli Bankının rəhbəri Andrey Pışnı isə eyni müddətə qədər Qərb tərəfdaşlarından əlavə 54 milyard dollar dəstək gözlədiklərini açıqlamışdı.