Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB 2026-cı ildə ilk faiz qərarını açıqlayacaq - BBN

AMB 2026-cı ildə ilk faiz qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı 2026-cı ildə ilk dəfə uçot faiz dərəcəsinə dair qərarını açıqlayacaq. Faiz dəhlizinin parametrləri 4 fevral tarixində günün birinci yarısında mediaya təqdim ediləcək. Qərardan sonra Mərkəzi Bankın sədri Taleh Kazımov komanda üzvləri ilə birlikdə media nümayəndələrinin suallarını cavablandıracaq.

Mərkəzi Bank 2025-ci ildə ümumilikdə iki dəfə faiz endiriminə gedib. İyul və dekabr iclaslarında hər dəfə 25 baza bəndi endirim edilib. Nəticədə uçot dərəcəsi 6,75 %, faiz dəhlizinin aşağı həddi 5,75 %, yuxarı həddi isə 7,75 % səviyyəsində müəyyənləşdirilib.

Dekabr iclasında qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalına uyğunluğu, qlobal və daxili iqtisadi vəziyyət, eləcə də pul siyasətinin real sektora təsiri nəzərə alınıb. Requlyator bildirib ki, illik inflyasiya proqnozlaşdırılan trayektoriya üzrə hərəkət edir və hədəf intervalında qalır. 2025-ci ilin dekabrında inflyasiya 5,7 %-dən 5,6 %-ə enib.

Bununla belə, 2025-ci ilin son günlərində hökumət tərəfindən tənzimlənən qiymətlərdə artım qərarı qəbul olunub. Aİ-92 markalı benzinin qiyməti 4,5 %, dizel yanacağının qiyməti isə 10 % artırılıb. Mərkəzi Bank ötən ilin oktyabr iclasında baza ssenariyə əsasən 2026-cı ildə illik inflyasiyanın 5,7 % olacağını proqnozlaşdırıb ki, bu da əvvəlki 5,3 %-lik proqnozdan yüksəkdir. Fevral iclasında yenilənmiş inflyasiya proqnozlarının açıqlanması gözlənilir.

AMB 2026-cı il üçün pul siyasətinin əsas istiqamətlərinə dair bəyanatında inflyasiyanın hədəf daxilində saxlanılmasının davamlı iqtisadi artım üçün vacib şərt olduğunu vurğulayıb. Qeyd olunub ki, sabit və aşağı inflyasiya milli valyutaya inamı artırır və iqtisadiyyatın xarici şoklara davamlılığını gücləndirir.

Valyuta bazarında isə vəziyyət sabit olaraq qiymətləndirilir. 2025-ci ilin yanvar-noyabr aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışı 393 milyon ABŞ dolları üstələyib.

Banker.az-ın hesablamalarına görə, 2025-ci ildə banklar əhalidən cəlb olunan nağd ABŞ dolları həcmi satılan məbləği 318,2 milyon dollar üstələyib. Bu, 2005-ci ildən bəri qeydə alınan ən böyük əks istiqamətli nağd dollar axınıdır. 2024-cü ildə isə əhali banklardan 1 milyard 526,3 milyon dollar almışdı.

2025-ci ildə bankların əhaliyə satdığı nağd dollar 45 % azalaraq 1 milyard 767 milyon dollar, əhalidən aldıqları isə 26 % artaraq 2 milyard 85,2 milyon dollar olub. Əhaliyə ən çox dollar yanvar ayında, ən az noyabrda satılıb. Banklara ən çox dollar iyunda, ən az martda təqdim edilib.

Apreldən ilin sonunadək əhali tərəfindən banklara 536,8 milyon dollar həcmində nağd vəsait yönəldilib. Orta konvertasiya məzənnəsi 1 ABŞ dolları üçün 1,6985 manat olub ki, bu da rəsmi məzənnədən aşağıdır.

Mövcud makroiqtisadi şəraitin Mərkəzi Bankı faiz endirimi ilə bağlı fasilə verməyə sövq edə biləcəyi istisna edilmir.

Qeyd edək ki, faiz qərarından öncəki dövr Mərkəzi Bank rəhbərliyi tərəfindən “səssizlik həftəsi” adlandırılır. Bu müddətdə tənzimləyici qurum faiz qərarı və iqtisadi proqnozlarla bağlı əlavə açıqlama vermir.

Related posts

Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF

Azərbaycanda bankların depozit xərcləri yanvarda 117,7 milyon manat olub

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı