Azərbaycan Mərkəzi Bankı-nın fevral proqnozlarına əsasən, 2026 və 2027-ci illərdə illik inflyasiyanın hədəf diapazonunda (4±2%) qalacağı gözlənilir. Proqnoza görə, inflyasiya 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4 % təşkil edəcək.
Məlumata görə, 2026-cı ilin illik inflyasiya proqnozuna ev təsərrüfatlarının istehlakı 1,22 faiz bəndi (f.b.), kənd təsərrüfatı istehsalçıları qiymətləri (KİQİ) 2,48 f.b., ticarət tərəfdaşlarında inflyasiya 2,09 f.b., tənzimlənən qiymətlərin birbaşa təsiri 0,31 f.b., digər amillər isə 1,12 f.b. artırıcı təsir göstərəcək. Dövlət istehlakının -0,13 f.b., nominal effektiv məzənnənin (NEM) isə -1,6 f.b. azaldıcı töhfəsi gözlənilir.
Qiymətləndirmələrə əsasən, 2027-ci ildə inflyasiyaya ev təsərrüfatlarının istehlakı 1,28 f.b., KİQİ 2,48 f.b., ticarət tərəfdaşlarında inflyasiya 1,79 f.b., dövlət istehlakı 0,03 f.b., digər amillər 0,37 f.b. artırıcı, NEM isə -1,96 f.b. azaldıcı təsir edəcək.
AMB bildirir ki, 2026 və 2027-ci illərdə dövlət büdcəsi xərclərinin artımının inflyasiyaya təsirinin neytrala yaxın olacağı gözlənilir. Proqnozların reallaşması xarici və daxili amillərdən asılıdır. Əsas xarici risk tərəfdaş ölkələrdə qiymətlərin yenidən artması, geosiyasi gərginlik, qlobal fraqmentasiya və tarif müharibələri fonunda əmtəə və maliyyə bazarlarında dalğalanmalarla bağlıdır. Nominal effektiv məzənnənin dinamikası və qlobal iqlim dəyişiklikləri də qiymətlərə təsir göstərə bilər. Daxili risklər sırasında isə təklif tərəfdən yerli xərc amillərinin aktivləşməsi əsas yer tutur.