Azərbaycan Mərkəzi Bankı (AMB) “Aktiv əsaslı maliyyələşdirmə üzrə Metodoloji Rəhbərlik” layihəsini hazırlayıb.
AMB-dən verilən məlumata görə, sənəd “2024–2026-cı illərdə Maliyyə sektorunun inkişaf strategiyası” çərçivəsində alternatif maliyyə alətləri üzrə hüquqi və tənzimləyici mexanizmlərin formalaşdırılması məqsədi daşıyır.
Bu istiqamətdə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə bankların və bank olmayan kredit təşkilatlarının nümayəndələri üçün təlim təşkil edilib. Təlimdə:
-
aktiv əsaslı maliyyələşdirmə məhsullarının növləri və tətbiqi mexanizmləri,
-
hesabatlıq çərçivəsi,
-
işləmə prinsipləri və beynəlxalq təcrübə müzakirə olunub.
AMB bildirir ki, Metodoloji Rəhbərliyin əsas məqsədləri aşağıdakılardır:
-
kredit təşkilatlarında qeyri-ənənəvi kreditləşmə modellərinə dair bilik və bacarıqların artırılması;
-
bu məhsullar üzrə risklərin daha effektiv idarə olunması;
-
kiçik və orta sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi.
Layihə tamamlandıqdan sonra sənəd banklara və digər kredit təşkilatlarına təqdim ediləcək.