Azərbaycanda bank kartının üçüncü şəxslərə verilməsinə görə hüquqi məsuliyyətin müəyyənləşdirilməsi məqsədilə müvafiq qanunvericilik aktlarının hazırlanmasına ehtiyac var.
BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarov bildirib.
Onun sözlərinə görə, beynəlxalq praktikada rəqəmsal fırıldaqçılıqlar əsasən üç kateqoriyaya bölünür.
Birinci kateqoriya avtorizə edilməmiş əməliyyatlardır. Bu halda əməliyyatlar müştərinin xəbəri və təsdiqi olmadan həyata keçirilir. Məsələn, vətəndaş OTP kodu və digər məxfi məlumatlarını paylaşdıqdan sonra hesabından vəsaitin çıxarıldığını aşkar edir.
İkinci kateqoriya manipulyasiya yolu ilə həyata keçirilən əməliyyatlardır. Bu zaman fırıldaqçılar özlərini bank və ya digər qurumların əməkdaşı kimi təqdim edərək vətəndaşa psixoloji təsir göstərir və onu öz əli ilə vəsaiti başqa hesaba köçürməyə sövq edirlər.
E.Cuvarov qeyd edib ki, bəzi hallarda vətəndaşlar hətta evlərindəki nağd vəsaiti götürərək bankomat və ya ödəniş terminalları vasitəsilə fırıldaqçıların göstərdiyi hesablara pul yatırırlar.
Üçüncü kateqoriya isə icazə verilmiş üçüncü şəxslər vasitəsilə həyata keçirilən əməliyyatlardır. Bu halda vətəndaş şüurlu və ya bilmədən fırıldaqçılıq sxeminin bir hissəsinə çevrilir.
Mütəxəssis bildirib ki, bəzi şəxslər cüzi məbləğ qarşılığında öz adlarına bank kartı açaraq onu başqalarına təhvil verirlər və sonradan həmin kartlar qanunsuz əməliyyatlarda istifadə olunur. Beləliklə, həmin şəxslər bilmədən və ya qəsdən fırıldaqçılıq zəncirinin iştirakçısına çevrilirlər.
E.Cuvarovun sözlərinə görə, bu problemlə mübarizədə ən effektiv vasitələrdən biri qanunvericilik tədbirlərinin gücləndirilməsidir.
O qeyd edib ki, bir sıra ölkələrdə, o cümlədən Rusiyada ödəniş vasitələrinin üçüncü şəxslərə verilməsinə görə ciddi məsuliyyət, hətta azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
AMB rəsmisi vurğulayıb ki, Azərbaycanda hazırda bu istiqamətdə ayrıca tənzimləmə mexanizmi mövcud deyil və problemin aradan qaldırılması üçün gələcəkdə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi məqsədəuyğun olardı.