Azərbaycanda bank sektorunda rəqəmsal fırıldaqçılıqla mübarizənin gücləndirilməsi məqsədilə mərkəzləşdirilmiş antifrod habının yaradılması planlaşdırılır.
BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın bu istiqamətdə ilkin rolu tənzimləyici funksiyanı yerinə yetirməkdir. Hazırda fırıldaqçılıq, məsuliyyət və əlaqəli məsələlər “Ödəniş sistemləri haqqında” qanun, eləcə də digər normativ sənədlərlə tənzimlənir.
E.Cuvarov qeyd edib ki, son illərdə maliyyə sektorunda informasiya təhlükəsizliyi ilə bağlı tələblərin tətbiq edildiyi kimi, rəqəmsal fırıldaqçılıq risklərinin minimuma endirilməsi üçün ayrıca antifrod tələblərinin hazırlanması da nəzərdə tutulur. Bu məqsədlə Türkiyə, Rusiya və Avropa ölkələrinin təcrübəsi öyrənilir və yerli bazara uyğunlaşdırılması istiqamətində işlər aparılır.
Onun sözlərinə görə, Mərkəzi Bankın əsas missiyası yalnız tənzimləmə ilə məhdudlaşmır, həm də koordinasiya funksiyasını əhatə edir. Bu çərçivədə artıq bir sıra şirkətlərlə müzakirələr aparılır və yol xəritəsində mərkəzləşdirilmiş antifrod sisteminin qurulması yer alıb.
E.Cuvarov bildirib ki, sözügedən model Türkiyə, Rusiya və Qazaxıstan kimi ölkələrdə artıq uğurla tətbiq edilir və Azərbaycanda da Mərkəzi Bankın nəzdində fəaliyyət göstərəcək.
Onun sözlərinə görə, yeni sistem vasitəsilə banklar fırıldaqçılıq risklərini daha operativ şəkildə müəyyən edə biləcəklər. Məsələn, vəsaitin bir bankdan digər bankdakı hesaba köçürülməsi zamanı ayrı-ayrı banklar əməliyyatın ümumi mənzərəsini görməsələr də, mərkəzləşdirilmiş hab vasitəsilə eyni hesaba müxtəlif banklardan şübhəli köçürmələrin daxil olduğu müəyyən edilə bilər.
Mütəxəssis qeyd edib ki, bu cür hesablar “mule account” – yəni pul daşıyıcısı hesabları kimi qiymətləndirilə bilər. Yeni sistemdə riskli hesablar “grey list” (boz siyahı) əsasında işarələnəcək və həmin hesablara yönəldilən vəsaitlər üzrə banklar əlavə yoxlamalar həyata keçirə biləcəklər.
AMB isə mərkəzləşdirilmiş koordinasiya və dəstək funksiyasını icra edərək bankları riskli hesablar və mümkün fırıldaqçılıq şəbəkələri barədə real vaxt rejimində məlumatlandıracaq.