Azərbaycan Mərkəzi Bankı bu il sığorta sektorunda dayanıqlılığın gücləndirilməsi məqsədilə Dayanıqlı Sığorta üzrə Fəaliyyət Planının hazırlanmasını nəzərdə tutur.
Mərkəzi Bank 2026-cı il üzrə dayanıqlı maliyyə sahəsində Yol Xəritəsinin icrasına dair strateji hədəfləri müəyyən edib.
Sənəddə maliyyə sektorunda dayanıqlılığın gücləndirilməsi, iqlim risklərinin effektiv idarə olunması və yaşıl maliyyə axınlarının təşviqi əsas prioritetlər kimi göstərilib.
AMB-nin planlarına əsasən, bank sektorunda dayanıqlı maliyyə üzrə bilik və bacarıqların artırılması üçün ixtisaslaşmış təlim proqramları hazırlanacaq və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Bununla yanaşı, seminarlar, vorkşoplar və metodoloji dəstək mexanizmləri vasitəsilə maliyyə institutlarının institusional potensialının gücləndirilməsi nəzərdə tutulur.
Hesabatda dayanıqlı maliyyə axınları üçün ekosistemin formalaşdırılması da əsas istiqamətlərdən biri kimi qeyd olunub. Bu çərçivədə yaşıl istiqraz bazarının inkişafı məqsədilə beynəlxalq standartlara uyğun hüquqi bazanın hazırlanması, emissiya və hesabatlılıq tələblərinin müəyyənləşdirilməsi, həmçinin stimullaşdırıcı mexanizmlərin tətbiqi planlaşdırılır.
Sənədə əsasən, iqlim dəyişmələri və ESG faktorlarının risklərin idarə edilməsinə inteqrasiyası məqsədilə ESG Risk Radar Aləti çərçivəsində metodoloji sənədlərin hazırlanması, risklərin kredit qərarlarına inteqrasiyası, maarifləndirmə tədbirləri və pilot layihələrin icrası nəzərdə tutulur. Eyni zamanda iqlim risklərinə qarşı bank sektorunun dayanıqlığının qiymətləndirilməsi üçün stres-testlərin keçirilməsi planlaşdırılır.
Bundan əlavə, maliyyə bazarlarında şəffaflığın artırılması və bazar intizamının gücləndirilməsi məqsədilə dayanıqlı maliyyə üzrə illik hesabatın hazırlanması və vahid açıqlama metodologiyasının tətbiqi də hədəflər sırasındadır. Mərkəzi Kredit Reyestrinə istixana qazı emissiyaları üzrə məlumatların inteqrasiyası da planlaşdırılan əsas addımlardan biri kimi göstərilib.