Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrlərini dəyişməz saxladığı son qərarında pul siyasəti ilə bağlı diqqətçəkən məqama toxunub.
Mərkəzi Bank cari ilin qalan dövründə faiz dəhlizinə dair qərarların inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcəyini bildirib.
AMB qeyd edib ki, qərarlar qəbul edilərkən valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası ilə yanaşı, manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin davamlılığı və valyuta artıqlığının miqyası da diqqətdə saxlanılacaq.
Mərkəzi Bankın məlumatına görə, hazırda valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyir. 2026-cı ilin ilk altı ayında mübadilə şöbələrində müştərilərdən nağd xarici valyuta alışı satışdan 482 milyon ABŞ dolları çox olub.
Bu şəraitdə AMB valyuta bazarında alışyönlü müdaxilələr həyata keçirib. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 19,5% artaraq 13,8 milyard ABŞ dollarına çatıb.
AMB sədri Taleh Kazımov daha əvvəl verdiyi müsahibədə son 18 ay ərzində valyuta bazarında təklifin tələbi üstələdiyini və bu səbəbdən manatın həddindən artıq möhkəmlənməsinin qarşısının alınması məqsədilə alışyönlü müdaxilələr həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin ilk altı ayında Mərkəzi Bank valyuta hərraclarında 757 milyon ABŞ dolları satıb, eyni dövrdə isə 1,5 milyard ABŞ dolları həcmində alışyönlü müdaxilə həyata keçirib.
Taleh Kazımov bildirib ki, valyuta bazarında mövcud vəziyyət manat üzərində möhkəmlənmə təzyiqlərinin olduğunu göstərir. Mərkəzi Bankın məqsədi məzənnənin 1 ABŞ dolları/1,7 manat səviyyəsində sabitliyini təmin etməkdir.
AMB sədri, həmçinin son illərdə əhalinin manata inamının gücləndiyini, dollarlaşma səviyyəsinin azaldığını və mövcud şəraitdə məzənnənin dəyişməsi üçün fundamental əsasların olmadığını qeyd edib.
Mərkəzi Bank faiz dəhlizinin parametrlərinin dəyişməz saxlanılması qərarını inflyasiya proqnozunun yuxarı istiqamətdə yenilənməsi və valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsinin yaratdığı əks təsirlərin bir-birini tarazlaşdırması ilə izah edib.
Mənbə: Report.az