Bu ilin 9 ayının nəticələrinə görə, cari əməliyyatlar balansında ÜDM-in 12,5 faizi həcmində, yəni 6,7 milyard dollarlıq profisit yaranıb. Kapital və maliyyənin hərəkəti hesabında 400 milyon dollarlıq profisit yaranıb. Bu isə ehtiyat aktivlərimizin 6,4 milyard dollar artımını şərtləndirib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, xidmətlər balansı mütəmadi olaraq kəsirli olur.
“Keçən ilin müvafiq dövrünə nisbətən bu kəsir 10 faiz azalıb. Kəsiri şərtləndirən əsas amillər neft-qaz sektoru, tikinti və digər işgüzar xidmətlərlə bağlıdır. Bizim xidmətlər balansında nəqliyyat xidmətləri balansı profisitlidir və bu proifisit 17 faiz artıb. Turizm xidmətləri balansında 241 milyon dollarlıq profisit yaranıb. Dövr ərzində ölkəyə gələn turistlərin sayı 32 faiz artaraq 1 milyon 535 min nəfər təşkil edib. İlkin gəlirlər balansında kəsir 2,4 milyard dollara yaxındır”, – deyə Samir Nəsirov vurğulayıb.
AZƏRTAC