Gələcək mərhələlərdə QR ödənişlərinin yalnız daxili bazarla məhdudlaşmaması və digər ölkələrin Ani Ödənişlər Sistemləri ilə qarşılıqlı inteqrasiya imkanlarının yaradılması nəzərdən keçirilir.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) Trend-in sorğusuna cavab olaraq məlumat verib.
Bildirilib ki, ölkədə QR ödənişlərinin tətbiqi və istifadəsi mərhələli şəkildə genişlənir və proses Mərkəzi Bankın Ani Ödənişlər Sistemi vasitəsilə həyata keçirilir. Hazırda AZQR standartı üzrə banklar tərəfindən texniki inteqrasiyalar tamamlanıb, müvafiq funksionallıqlar POS terminallarda və mobil bankçılıq tətbiqlərində mərhələli şəkildə istifadəyə verilib.
AMB qeyd edib ki, vahid AZQR standartı istifadəçilərə istənilən mobil bank tətbiqi vasitəsilə istənilən AZQR kodunu skan edərək ödəniş etmək imkanı yaradır. Bu yanaşma həm istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına, həm də bazarda vahid texniki çərçivənin formalaşmasına xidmət edir. Eyni zamanda, təsərrüfat subyektləri üçün xərclərin optimallaşdırılmasına müsbət təsir göstərir.
Mərkəzi Bank vurğulayıb ki, əsas prioritet AZQR ödənişlərinin gündəlik pərakəndə əməliyyatlarda istifadəsinin artırılması, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və iştirakçı banklar arasında funksional uyğunluğun təmin olunmasıdır. Bu məqsədlə həm texniki, həm də istifadəçi təcrübəsi səviyyəsində təhlillər davam etdirilir.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayında ölkədaxili nağdsız əməliyyatların həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19% artıb. Hesabat dövründə kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 10,097 milyon manat təşkil edib. Bunun 8,833 milyon manatı elektron ticarətin payına düşüb, 1,260 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə reallaşdırılıb.
İlin əvvəlindən etibarən ödəniş kartları ilə aparılan nağdsız ölkədaxili əməliyyatlar ümumi kart əməliyyatlarının 67,6%-ni təşkil edib.