Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

Elektronika və məişət texnikası mallarının satışını həyata keçirən sahibkarlıq subyektlərinin rəsmi internet səhifələrində istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər könüllü aradan qaldırılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının pozulmasının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.

İstehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin müqavilələrə daxil edilməsi, həmçinin satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasının qarşısını almaq məqsədilə elektronika və məişət texnikası mallarının satışı sahəsində əsas bazar iştirakçıları olan sahibkarlıq subyektləri – “ABC Telecom” MMC (“Kontakt Home”  mağazalar şəbəkəsi), “Baku Electronics” MMC, “İntegral” QSC (“Maxi” mağazalar şəbəkəsi),  “İrşad Electronics” MMC, “Power On” MMC (“Music Gallery” mağazalar şəbəkəsi), “Soliton LTD” və “Ultratek” MMC-nin (“Texnomart” mağazalar şəbəkəsi) rəsmi internet səhifələrinə baxış keçirilib. Nəticədə, “ABC Telecom” MMC (“Kontakt Home” mağazalar şəbəkəsi), “Baku Electronics” MMC, “İrşad Electronics”, MMC “Power On” MMC (“Music Gallery” mağazalar şəbəkəsi), “Soliton LTD” və “Ultratek” MMC (“Texnomart” mağazalar şəbəkəsi) tərəfindən zəmanət şərtlərinin, habelə malların dəyişdirilməsi və qaytarılması zamanı tətbiq edilən şərtlərin istehlakçıların hüquqlarını qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə məhdudlaşdırdığı müəyyən edilib.

Yuxarıda göstərilən hallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sözügedən sahibkarlıq subyektlərinə fəaliyyətlərinin istehlakçı hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğunlaşdırılması barədə məktublar ünvanlanıb. Həmin məktublarda satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına, habelə qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə qüvvədə olan qanunvericilik aktlarının müddəaları diqqətə çatdırılıb.

Qeyd edilən sahibkarlıq subyektləri tərəfindən istehlakçı hüquqlarını məhdudlaşdıran hallar könüllü olaraq aradan qaldırılıb və bu, Dövlət Xidməti tərəfindən nəzərə alınıb.

Məlumat üçün bildiririk ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır və bu şərtlərin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə istehlakçı həmin zərər məbləğinin təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin İnzibati Xətalar Məcəlləsinə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması, eləcə də qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi inzibati məsuliyyətə səbəb olur.

İstehlakçılar qanunvericiliklə təminat verilən hüquqlarının pozulması, yaxud onları məhdudlaşdıran hallarla üzləşdikləri halda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ünvanı (office@competition.gov.az), birbaşa ərizə və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

Related posts

Əmək müqavilələrinin sayı artıb

Leyla Barxudarzadə: “Azərbaycanın investisiya cəlbediciliyinin yüksəldilməsi əsas hədəflərdəndir”

“Brent” neftinin qiyməti 82 dollara yaxınlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı