Qarabağ və Gəncə-Daşkəsən regionlarında becərilən bütün bitkiləri, o cümlədən geniş yayılmış qarğıdalı, yonca, arpa-buğda, günəbaxan sair əkinləri aqrar sığorta vasitəsilə sığortalamaq mümkündür.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Goranboy və Tərtər rayonlarında keçirilib.
Tədbirə Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edən Goranboy, Daşkəsən, Göygöl, Samux rayonlarından və Qarabağ iqtisadi rayonu üzrə Tərtər, Ağcabədi, Ağdam, Bərdə rayonlarından yüzlərlə fermer qatılıb.
Toxum sərgi-satış yarmarkalarında Kənd Təsərrüfatı Nazirliyinin qurumları, Aqrar Sığorta Fondu, digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan iri şirkətlər, həmçinin kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.
Festivalda iştirakçılara kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaları, müxtəlif bitki toxumları, aqrar sahə ilə bağlı yeni xidmətlər, o cümlədən aqrar sığorta məhsulları təqdim olunub.
Festivallarda Aqrar Sığorta Fondu da geniş təmsil olunub. Fondun Goranboy filialının əməkdaşları Tərtər və Goranboyda keçirilən tədbirlərdə fermerləri və təsərrüfat sahiblərini aqrar sığorta, onun işləmə prinsipi, əhatə dairəsi və faydaları barədə məlumatlandırıblar.
Fermerlərə bildirilib ki, Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalayır. Aqrar sığorta vasitəsilə əkin sahələri, meyvə bağları, texniki bitkilər və sair olmaqla, 48 növ bitki növünü sığortalamaq mümkündür. Goranboy və Tərtər rayonlarının yerləşdiyi Qarabağ və Gəncə-Daşkəsən regionlarında becərilən bütün bitkiləri, o cümlədən geniş yayılmış qarğıdalı, yonca, arpa-buğda, günəbaxan sair əkinləri aqrar sığorta vasitəsilə sığortalamaq mümkündür.
Sığorta haqqının 50%-nin dövlət tərəfindən qarşılanması aqrar sığortanı fermerlər üçün əlçatan edib, fermerlər cüzi ödənişlə əkin sahələri və heyvanlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.
Aqrar Biznes Festivalında iştirak edən fermerlər aqrar sığortaya böyük maraq göstəriblər. Onlar meyvə bağlarının sığortası, gəmiricilərin əkin sahələrinə vurduğu zərər, pambıq sahələrinin sığortası, baş verən hadisələrə görə zərərin ödənilməsi prosesi ilə bağlı çoxsaylı suallar ünvanlayıblar. Bütün suallar ətraflı cavablandırılıb və fermerlərə geniş məlumat verilib.
Tədbir çərçivəsində fermerlər üçün Kredit yarmarkası da təşkil olunub. Kredit yarmarkasında fermerlərə müxtəlif sərfəli kredit məhsulları təklif olunub və informasiya materialları təqdim edilib.
Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzi təşkilatçılığı ilə növbəti toxum sərgi-satış yarmarkalarının Qax, Balakən, Masallı, Neftçala, Beyləqan, Şabran və Cəlilabad rayonlarında keçirilməsi nəzərdə tutulur.