ADB Azərbaycan üçün inflyasiya proqnozunu dəyişməz saxlayıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın iqtisadi artım tempini 2025-ci ildə 2,4 %, 2026-cı ildə isə 2 % səviyyəsində proqnozlaşdırır.

BBN.az xəbər verir ki, bu göstəricilər bankın sentyabr ayı icmalında əksini tapıb. Yeni rəqəmlər əvvəlki proqnozlarla müqayisədə aşağı salınıb: 2025-ci il üçün gözlənti 1 faiz bəndi, 2026-cı il üçün isə 1,3 faiz bəndi azaldılıb.

Hesabata əsasən, 2025-ci ilin birinci yarısında karbohidrogen hasilatının zəifləməsi iqtisadi artımı ləngidib. 2024-cü ilin eyni dövründə ÜDM 4,3 % böyüdüyü halda, 2025-ci ildə bu göstərici 1,5 %-ə enib. Səbəblərdən əsas biri neft hasilatının 5,3 %, qaz istehsalının isə 0,4 % azalması olub. Nəticədə sənaye istehsalı ümumilikdə 0,5 % geriləyib.

Bununla yanaşı, dövlət investisiyalarının artması tikinti sektorunu 8,5 % yüksəldib. Qeyri-neft iqtisadiyyatı 3,9 % artıb. Kənd təsərrüfatında da müsbət dinamika müşahidə olunub: 2024-cü ildə cəmi 0,2 % artım qeydə alınmışdısa, 2025-ci ildə bu rəqəm 1,4 %-ə çatıb. Xidmət sahəsində isə artım tempi nəqliyyat və rabitənin zəif inkişafı səbəbindən 6,1 %-dən 3,1 %-ə enib.

ADB-nin proqnozlarına görə, mülayim iqtisadi artım 2026-cı ilin sonunadək davam edəcək.

Azərbaycan hökumətinin rəsmi proqnozları isə daha nikbindir: İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in 3 %, 2026-cı ildə isə 2,9 % artacağını gözləyir. Bu ilin yanvar-avqust aylarında isə iqtisadi artım 1 % təşkil edib.

Beynəlxalq təşkilatların qiymətləndirmələri fərqli səviyyədədir. “S&P Global” hər iki il üçün 2 % artım proqnozlaşdırır. “Fitch Ratings” 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,5 %, “Moody’s” isə hər iki il üzrə 2,5 % artım gözləyir. Beynəlxalq Valyuta Fondu müvafiq olaraq 3,5 % və 2,5 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2 % və 2,5 %, Dünya Bankı isə 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 % artım proqnozlaşdırır.

Related posts

Sahibkarların müraciətləri dinlənilib

ADB Azərbaycanın daxil olduğu regional rəqəmsal ticarət layihəsini təsdiqləyib

ABŞ səhmlərinə komissiyasız investisiya üçün SON 3 GÜN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı