“Avro-2020” KOB-lar üçün əlavə imkanlar yaradacaq

Belə ki, KOB-lara dəstək məqsədilə Avro-2020-nin Bakıda təşkil ediləcək “Fan Zona”sında və stadionətrafı məkanlarda KOB-lar tərəfindən istehsal olunan məhsulların satışı keçiriləcək.

Bu məqsədlə İqtisadiyyat Nazirliyinın tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə əməkdaşlıq edəcək. Fevralın 19-da KOBİA və AFFA-nın təşkilatçılığı, 150-yə yaxın KOB subyektinin iştirakı ilə keçirilmiş “Avro-2020: KOB-lar üçün perspektivlər” mövzusunda tədbirdə Avropa çempionatı-2020 kimi nüfuzlu tədbirlərdən KOB subyektlərinin faydalanması, satış imkanlarını genişləndirməsi imkanları barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu il Azərbaycanın ev sahibliyi edəcəyi Avro-2020 oyunlarının ölkəmizdə idmanın inkişafına öz töhfəsini verməklə yanaşı, KOB subyektlərinin məhsullarının satışına da əlverişli imkan yaradacağını vurğulayıb. Qeyd edilib ki, KOBİA və AFFA-nın birgə əməkdaşlığı çərçivəsində oyunların keçiriləcəyi ərazidə KOB-ların məhsullarının satışına dəstək məqsədilə xüsusi stendlər qurulacaq. Burada KOB-lar tərəfindən istehsal olunan qida məhsullarının, suvenir, hədiyyə, geyimlərin və s. satışı nəzərdə tutulur. Bu əməkdaşlıq həmçinin, Azərbaycan məhsullarının tanıdılması, yerli və xarici futbol azarkeşlərinin, şəhərimizin qonaqlarının oyunlar zamanı müxtəlif xidmətlərdən daha geniş istifadəsinə şərait yaradacaq.

AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov Avro-2020 çərçivəsində Bakıda keçiriləcək oyunlar barədə məlumat verib, bu idman yarışmasının ölkəmizdə turizm və sahibkarlığın inkişafı üçün də önəmli olduğunu diqqətə çatdırıb.

Tədbir çərçivəsində “Avro-2020 və biznes imkanları” mövzusunda təqdimat keçirilib, KOBİA-nın fəaliyyətinə dair videoçarx nümayiş olunub. 

Sonda KOBİA və AFFA arasında Avro-2020 çərçivəsində ölkəmizdə keçiriləcək oyunlar zamanı KOB-lara dəstəyə dair Memorandum imzalanıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı