Avropa İttifaqı (Aİ) rəqəmsal avronun hüquqi bazasının yaradılması istiqamətində növbəti addımı atıb.
BBN.az xəbər verir ki, Avropa Parlamenti rəqəmsal avro ilə bağlı qanunvericilik təşəbbüsü üzrə Aİ ölkələri ilə danışıqlara başlanmasına razılıq verib.
Layihənin məqsədi nağd avronu əvəz etmək deyil, mağazalarda, internetdə və şəxslər arasında təhlükəsiz rəqəmsal ödəniş imkanlarını genişləndirməkdir.
Rəqəmsal avro ilə Avropa, həmçinin ödəniş sistemlərində ABŞ şirkətləri olan Visa və Mastercard-dan asılılığı azaltmağı, maliyyə infrastrukturunda daha çox müstəqillik əldə etməyi hədəfləyir.
Bank sisteminə təsirləri minimuma endirmək üçün Avropa Mərkəzi Bankı rəqəmsal avro hesablarına limit tətbiq etməyi və bu vəsaitlərə faiz hesablanmamasını nəzərdən keçirir.
Layihə ilə bağlı əsas müzakirə mövzularından biri də məxfilik məsələsidir. Avropa Mərkəzi Bankı bildirib ki, yeni sistem istifadəçilərin məlumatlarının qorunmasını təmin etməklə yanaşı, çirkli pulların yuyulmasına qarşı beynəlxalq tələblərə uyğun fəaliyyət göstərəcək.
Mütəxəssislərin fikrincə, rəqəmsal avro biznes üçün ödəniş xərclərini də azalda bilər.
Hazırda qanunvericilik üzərində işlər davam edir. Pilot proqramın 2027-ci ildə, rəqəmsal avronun tam tətbiqinin isə 2029-cu ildə başlaması planlaşdırılır.