Xalqlar arasında mövcud olan dostluq münasibətləri və qarşılıqlı hörmət Azərbaycan ilə Polşa arasında iqtisadi və bank əməkdaşlığının daha da inkişafı üçün əlverişli zəmin yaradır.
Bu barədə Trend-ə müsahibəsində Polşa Banklar Assosiasiyasınin (PBA) prezidenti Tadeuş Byalek bildirib.
Onun sözlərinə görə, Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə PBA arasında davamlı əməkdaşlıq 2024-cü ildən etibarən başlanıb. Belə ki, 2024-cü ilin noyabr ayında kibertəhlükəsizlik və ödəniş sistemləri sahəsində ixtisaslaşmış azərbaycanlı bank mütəxəssisləri üçün Polşaya təlim səfəri təşkil olunub.
Byalek qeyd edib ki, həmin ilin dekabrında ABA-nın icraçı direktoru Yunus Abdulovun Polşaya səfəri çərçivəsində tərəflər arasında əməkdaşlıq və ikitərəfli əlaqələrin inkişafına dair Memorandum imzalanıb.
“2025-ci ilin oktyabrında isə pərakəndə bankçılıq və bank sığortası sahəsində çalışan mütəxəssislərdən ibarət daha bir ABA nümayəndə heyəti üçün xüsusi proqram əsasında təlim səfəri təşkil etdik”, – deyə o əlavə edib.
PBA prezidenti bildirib ki, Polşa Banklar Assosiasiyasının nümayəndə heyətləri 2024 və 2025-ci illərdə Bakıya səfər ediblər və ümumilikdə bank assosiasiyaları arasında tərəfdaşlığın inkişafı müsbət qiymətləndirilir.
Kibertəhlükəsizlik və maliyyə fırıldaqçılığı ilə mübarizə ön plandadır
T.Byalekin sözlərinə görə, hazırda assosiasiyalar arasında daimi işçi qrupları yaradılmasa da, tərəflər bir-birinin bank sistemlərini və fəaliyyət xüsusiyyətlərini daha dərindən öyrənmək mərhələsindədirlər.
“Azərbaycan bank sistemi qabaqcıl texnoloji həllərdən istifadə etməklə yüksək keyfiyyətli ödəniş xidmətləri təqdim edir. ABA kadr potensialının inkişafı istiqamətində də fəal işləyir. Bu il azərbaycanlı bankirlərin daha bir qrupunun Polşaya təlim səfərinin təşkili planlaşdırılır”, – deyə o vurğulayıb.
Byalek əlavə edib ki, Polşa bank icması kibertəhlükəsizlik və maliyyə fırıldaqçılığına qarşı mübarizə sahəsində mərkəzləşdirilmiş həllərin vacibliyini erkən dərk edib və bu mexanizmlər artıq altı ildən çoxdur tətbiq olunur. Oxşar layihələr hazırda regionun digər ölkələrində də həyata keçirilir.
Onun sözlərinə görə, ABA da kiberdələduzluq və kibertəhlükələrin qarşısının alınması məqsədilə mərkəzləşdirilmiş informasiya mübadiləsi layihəsi üzərində işləyir.
Ticarət və turizm əməkdaşlığı üçün potensial mövcuddur
PBA prezidentinin sözlərinə görə, 2024-cü ilin yekunlarına əsasən Polşadan Azərbaycana ixracın həcmi təxminən 128 milyon ABŞ dolları, Azərbaycandan Polşaya idxal isə 8,5 milyon ABŞ dolları təşkil edib.
“Göstəricilər hələlik aşağı səviyyədə olsa da, ticarət dövriyyəsi ildən-ilə stabil şəkildə artır. Hər iki ölkənin banklarının ticarət maliyyələşdirilməsi bölmələri biznesin ehtiyaclarını uğurla qarşılayır”, – deyə o bildirib.
Tadeuş Byalek vurğulayıb ki, Azərbaycan təbiətinin gözəlliyi və qonaqpərvərliyi Polşadan ölkəmizə turist axınının artmasına səbəb olur. Bank assosiasiyaları arasında mövcud sıx əlaqələr isə Azərbaycan–Polşa əməkdaşlığının gələcəkdə daha da genişlənməsinə töhfə verəcək.