İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 43-cü sessiyası öz işinə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyindən əldə etdiyimiz məlumata görə, iyulun 7-dək davam edəcək sessiyada su ehtiyatlarından səmərəli istifadə, su ehtiyatlarının inteqrasiya olunmuş effektiv idarəçiliyi, atmosfer yağıntılarının azalması və regionlar üzrə qeyri-bərabər paylanması, quraqlıq, daşqın, sel və subasmaların aqrar sektora mənfi təsirinin minimuma endirilməsi və digər mövzuları müzakirə ediləcək.
Azərbaycan nümayəndə heyəti sessiya çərçivəsində bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlər keçirib. Nazir Məcnun Məmmədov Estoniya, Şimali Makedoniya, Özbəkistan və Moldovadan olan həmkarları ilə ölkələr arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, əməkdaşlığın hüquqi-normativ bazasının təkmilləşdirilməsi, aqrar tədqiqatlar və texnologiyalar sahəsində təcrübə mübadiləsi və s. qarşılıqlı maraq kəsb edən mövzular ətrafında müzakirələr aparıb.