Sentyabrın 17-də video-konfrans formatında öz işinə başlayan Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısısı çərçivəsində Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) “COVİD-19 pandemiyası şəraitində: Çıxarılan nəticələr və inkişaf yolu” mövzusunda iclası keçirilib.
CAREC proqramına üzv ölkələrdən yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin qatıldığı iclasda Azərbaycan Respublikasının maliyyə naziri, AİB-in Rəhbərlər Şurasının üzvü Samir Şərifov və iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf də iştirak edib.
İclasda COVİD-19 pandemiyasının yaratdığı qeyri-müəyyənliyin qlobal və regional ticarətə mənfi təsirlər göstərdiyi bir vaxtda regional əməkdaşlığın təşviq edilməsi, üzv ölkələr arasında ticarət dövriyəsinin artırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, post-pandemiya dövründə inkişafın dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.
Asiya İnkişaf Bankı tərəfindən 2001 -ci ildə təsis edilmiş Mərkəzi Asiya Regional iqtisadi Əməkdaşlıq (CAREC) Proqramı özündə 11 ölkəni (Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan), 6 çoxtərəfli maliyyə institutunu (Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Banki,
Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlıq çərçivəsində özündə birləşdirir və Proqramın əsas məqsədi əməkdaşlıq vasitəsilə sürətli iqtisadi inkişafın və yoxsulluğun azaldılmasına nail olmaqdır.