Azərbaycan Mərkəzi Bankı-nın İdarə Heyəti “İnvestisiya şirkətləri tərəfindən həyata keçirilən anderraytinqin təşkili üzrə Təlimat”ı təsdiqləyib.
Məlumata görə, yeni Təlimat investisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi qaydalarına uyğun olaraq hazırlanıb və kütləvi təklif üsulu ilə yerləşdirilən qiymətli kağızların anderraytinqi üzrə metodoloji əsasları müəyyən edir.
Sənədin əsas məqsədi emitentin maliyyə vəziyyəti, korporativ idarəetməsi, riskləri və onların idarə olunması barədə potensial investorların daha dolğun məlumatlandırılmasını təmin etməkdir.
Təlimata əsasən, anderraytinq fəaliyyəti 4 əsas mərhələ üzrə strukturlaşdırılıb və hər mərhələ üçün konkret metodoloji yanaşmalar müəyyən edilib. Bu yanaşmalar yerli qanunvericilik tələbləri nəzərə alınmaqla beynəlxalq təcrübəyə uyğun şəkildə formalaşdırılıb.