Azərbaycanda uçot dərəcəsinin manatla yerləşdirilən depozitlərə və manatla verilən kreditlərin faizlərinə təsiri getdikcə daha aydın hiss olunur.
BBN.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yeni monetar siyasət çərçivəsinin son mərhələsi 2024-cü ildən tətbiq edilir və həmin dövrdən etibarən uçot dərəcəsi əsas siyasət aləti kimi istifadə olunur:
“Son 6 ayda uçot dərəcəsini aşağı salmışıq. Bunun nəticəsində fiziki şəxslərin manatla müddətli yeni depozitləri üzrə orta faiz 0,11 faiz bənd azalaraq 9,5%-ə, hüquqi şəxslərin müddətli yeni depozitləri üzrə orta faiz isə 0,78 faiz bəndi azalaraq 5,87%-ə düşüb”, – deyə sədr qeyd edib.
T. Kazımov əlavə edib ki, bu proses kredit faizlərində də özünü göstərib. Belə ki, fiziki şəxslərə yeni verilmiş kreditlərin orta illik faiz dərəcəsi 0,8 faiz bəndi azalaraq 15,95%-ə, hüquqi şəxslərə yeni verilmiş kreditlərin orta illik faiz dərəcəsi isə 0,91 faiz bəndi azalaraq 12,32%-ə enib.
AMB sədri bildirib ki, bu dinamika monetar siyasət ötürücülüyünün gücləndiyini göstərir.