Azərbaycan Sahibkarlar Konfederasiyası “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirədə təkliflərlə çıxış etdi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Gömrük Komitəsi, KOBİA yanında İctimai Şura və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub. Müzakirələrdə Konfederasiyanın vitse-prezidenti Vüqar Abbasov çıxış edib.

Vitse-prezident qeyd edib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası daima sahibkarların təmsilçisi olaraq gömrük orqanları ilə sıx əməkdaşlıq qurmuş, tərəflər arasında 21 iyun 2018-ci ildə Əməkdaşlıq Memorandumu imzalanmışdır. Memoranduma əsasən, tərəflər arasında Əməkdaşlıq Şurası formalaşdırılmış, Şura 2019, 2020-ci illərdə bir neçə iclas keçirmiş, 2021-ci ildə gömrük terminallarında sahibkarlar arasında gömrük rəsmiləşdirilməsinin vəziyyəti ilə bağlı sorğu həyata keçirmişdir. Qeyd edək ki, Əməkdaşlıq Şurasının iclaslarında sahibkarlar üçün ən aktual məsələlərin müzakirəsi təşkil edilmişdir.

V.Abbasov bildirib ki, iş adamı gömrük orqanının tələbi ilə razılaşmasa belə, onun yazılı imtina sənədi almaq və şikayət etmək imkanları çox məhduddur. Malın gömrük terminallarından kənara buraxılmamasına görə sahibkar gömrük orqanlarının tələbi ilə razılaşmalı olur. Malın dəyərində şübhə yaradan məqam varsa araşdırılması və ona uyğun gömrük rüsumunun hesablanması gömrük orqanlarının hüquqlarıdır. Lakin bu rəsmi formada həyata keçirilməli, sahibkara bu barədə yazılı məlumat verilməlidir. Sahibkarın gömrük orqanının qərarından yuxarı orqana və məhkəmə qaydasında şikayət etmək imkanı tanınmalıdır.

Vitse-prezident xüsusi gömrük prosedurlarından istifadənin dəqiq şərtlərinin sahibkarların fəaliyyətinə müsbət təsir etmək imkanına malik olduğunu vurğulamışdır:

“Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman ordumuz bölgədə yeni bir vəziyyət yaratmışdır. Sözsüz, hər bir sahədə olduğu kimi bu gömrük siyasətinə də təsir edir. Bu gün biz də məlumatlıyıq ki, artıq işğaldan azad olunmuş ərazilərdə gömrük keçid məntəqləri, postları qurulur. Zəngəzur dəhlizinin də işə düşməsi ilə Şərqi Asiya və Avropa ölkələri arasında orta koridorun əhəmiyyətinin artması ilə ölkəmiz bir ticarət-logistika mərkəzinə çevriləcəkdir. Bizim gömrük və ticarət siyasətimiz də bunu uyğun olmalıdır. Bu gün daha cəsarətli addımlar atmaqdan çəkinməməliyik. Bunlardan biri idxalda ƏDV-nin əvvəlcədən, malların gömrük rəsmiləşməsi zamanı deyil, onların ölkədaxilində realizasiyası zamanı ödənilməsi ola bilər. Sizi bu məsələni müzakirə etməyə dəvət edirəm, bu gün həm gömrük rüsumlarının, həm ƏDV-nin əvvəlcədən ödənməsi sahibkarın dövriyyə vəsaitinin azalmasına səbəb olur, o, daha az həcmdə məhsul gətirir”.

V.Abbasov hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının idxal gömrük rüsumlarından, idxalda ƏDV-dən azad olunması təklif olunan xammal və aralıq malların siyahısı üzərində çalışdığını və bu məsələdə əməkdaşlığın effektiv olacağını bildirib.

Related posts

Aqrar sığorta mexanizmi – üçüncü şəxslərin hərəkətlərindən dəyən zərərə görə sığorta müqaviləsi bağlayın!

ARDNF 2024-cü ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətini açıqladı

ARDNF-nin aktivləri 3,4% artaraq 58 000,6 milyon ABŞ dolları təşkil etdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı