Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib. Sərəncamda su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməsi məqsədilə tarif siyasətinin təkmilləşdirilməsi və diferensiallaşdırılması nəzərdə tutulur.
Strategiyada su ehtiyatlarının effektiv idarə olunması prioritet istiqamət kimi göstərilib. Tariflərin sosial-iqtisadi vəziyyət və investisiya qoyuluşu nəzərə alınmaqla diferensiallaşdırılması, su təsərrüfatında vahid və təkmil idarəetmə modelinin qurulması, dövlət-özəl tərəfdaşlığının inkişafı və maliyyə resurslarının səmərəli planlaşdırılmasına xidmət edəcək.
Tarif siyasətinin yenilənməsi su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sisteminə keçidi və xərclərin real iqtisadi əsaslarla uyğunlaşdırılmasını təmin edir. Tariflər real istismar, xidmət, texniki qulluq və investisiya xərcləri əsasında formalaşdırılacaq. Tədbirlər Planında beynəlxalq təcrübə əsasında tariflərin diferensiallaşdırılması mexanizmlərinin hazırlanması və tətbiqinə başlanması da nəzərdə tutulub.
Milli Strategiyada diferensiallaşdırma sosial-iqtisadi amillər və investisiya ehtiyacları nəzərə alınmaqla, xərclərə əsaslanan model üzrə mərhələli keçid, pilot tətbiqlər və regional qiymətləndirmə yolu ilə həyata keçiriləcək. ADSEA isə Strategiyanın qarşıya qoyduğu hədəflərə uyğun olaraq müvafiq dövlət qurumuna müraciət ünvanlayıb.