Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 574 milyon 946 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 179 milyon 43 min ABŞ dolları və ya 45,2% çoxdur.
Son bir ildə Azərbaycanın Gürcüstana ixracının dəyəri 52,5% artaraq 502 milyon 816 min ABŞ dollarına çatıb. Gürcüstandan Azərbaycana idxalın dəyəri isə 8,9% artaraq 72 milyon 130 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Gürcüstanla ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 2,3%-ni təşkil edib. Gürcüstana ixrac ümumi ixracın 3%-nə, bu ölkədən idxal isə ümumi idxalın 0,8%-nə bərabər olub.
Ümumilikdə, ilin ilk 6 ayında Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib. Bu göstərici illik müqayisədə 1,1% artıb.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 26,7% artıb, idxal isə 27,6% azalıb.