Azərbaycan və İraq arasında monetar siyasətin ötürücülük mexanizmlərinin təkmilləşdirilməsi və maliyyə sektoru üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, AMB-nin sədri Taleh Kazımov İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Azərbaycanda səfərdə olan İraq Mərkəzi Bankının sədri Əli Muhsin Əl-Əlaqın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı monetar siyasətin ötürücülük mexanizmlərinin təkmilləşdirilməsi, ani və QR əsaslı ödənişlərin genişləndirilməsi, həmçinin müxbir bankçılıq əlaqələrinin dərinləşdirilməsi istiqamətində hər iki ölkənin təcrübələri və tətbiq olunan yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin iki ölkənin mərkəzi bankları və maliyyə sektorları arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ikitərəfli görüşlərin, peşəkar təlimlərin və təcrübə mübadiləsi proqramlarının təşkili imkanlarını nəzərdən keçiriblər.