Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 272 923 “ASAN İmza” elektron imza sertifikatı verilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % azdır.
Hesabat dövründə “ASAN İmza” sertifikatları üzrə 173 826 müraciət qeydə alınıb. Bu isə illik müqayisədə 6 % azalma deməkdir.
Qeyd edək ki, “ASAN İmza” elektron imza sertifikatlarının üç növü mövcuddur. Bunlar fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan sertifikatlardır.
Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə məqsədi daşıyır. Hüquqi şəxslər, sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan sertifikatlar isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək imkanı verir.
“ASAN İmza” elektron imza sertifikatlarının etibarlılıq müddəti 3 ildir.