Azərbaycanda açıq bazar əməliyyatlarında 7 günlük depozit portfelinin payı 87%-ə çatıb

2025-ci ilin dekabrın 1-nə Azərbaycanda açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelində 7 günlük depozit portfelinin payı 87% təşkil edib.

Qurum bildirib ki, bu ilin aprelindən Maliyyə Nazirliyi vahid xəzinə hesabının qalığını kommersiya banklarında depozit şəklində yerləşdirib. Bu isə bank sektorunda likvidliyin avtonom amillər hesabına artmasına səbəb olub. Belə şəraitdə AMB AZIR indeksini uçot dərəcəsinə yaxın idarə etmək üçün 7 günlük depozit əməliyyatını əsas açıq bazar əməliyyatı kimi tətbiq edib.

Hesabat dövründə pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi işləri davam etdirilib. Qısamüddətli likvidliyin daha effektiv idarə olunması məqsədilə daimi imkan depozit və əks-repo əməliyyatlarının müddəti 1 gündən 1 gecəyə dəyişdirilib. Həmçinin, not hərraclarında minimum iştirakçı sayı ilə bağlı tələb aradan qaldırılıb, sterilizasiyayönümlü açıq bazar əməliyyatı olan 7 günlük repo əməliyyatı 7 günlük depozitlə əvəzlənib.

AMB banklararası pul bazarında gedən prosesləri və beynəlxalq təcrübəni təhlil edib. Nəticədə, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) ekspertləri ilə əməkdaşlıq çərçivəsində 2025-ci ilin mayında AZIR indeksinin hesablanmasının təkmilləşdirilmiş qaydaları təsdiq olunub. Bu, AZIR-ın maliyyə bazarı iştirakçıları tərəfindən etibarlı istinad dərəcəsi kimi davamlı istifadəsini təmin edir.

Cari ildə EBRD milli valyutada AZIR indeksinə bağlı üzən faizli istiqrazlar yerləşdirib. İlk 50 milyon manatlıq tranş açıq təklif üsulu ilə uğurla satışa çıxarılıb ki, bu da Azərbaycanın maliyyə bazarı üçün əhəmiyyətli nailiyyətdir və AZIR indeksinin etibarlı faiz dərəcəsi kimi qəbulunu gücləndirir.

Pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və pul bazarlarının inkişafı istiqamətində aparılan islahatlar 2025-ci ildə ölkənin beynəlxalq kredit reytinqinin yüksəlməsinə də müsbət təsir göstərib.

Related posts

Azərbaycan və “Mastercard” maliyyə inklüzivliyinin genişləndirilməsini müzakirə edib

ABB Tam Visa kartını təqdim etdi

2025-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı 9,3 % artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı