Azərbaycanda ötən il beynəlxalq maliyyə institutları ilə təqribən 235 milyon ABŞ dolları ekvivalentində yeni kredit sazişləri təsdiqlənib. Məlumat qurumda keçirilmiş növbəti Kollegiya iclasında açıqlanıb.
İclasda bildirilib ki, hesabat ilində xəzinə vəsaitlərindən səmərəli istifadə nəticəsində dövlət borcuna xidmət xərclərinə 300,1 milyon manat qənaət edilib. Təkrar maliyyələşdirmə əməliyyatları çərçivəsində qısamüddətli istiqrazlar uzunmüddətli istiqrazlarla əvəz olunub və borc portfelinin strukturunda müsbət dəyişiklik təmin edilib. Dövlət istiqrazları üzrə orta ödəmə müddəti əhəmiyyətli dərəcədə artaraq 3,3 il təşkil edib.
Qeyd olunub ki, funksional fəaliyyətinə uyğun olaraq Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi dövlət borcalmasını həyata keçirir, borc üzrə uçot və hesabatlılığı təmin edir, müvafiq təhlillər aparır. Ötən il ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsi məqsədilə beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq digər aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Kollegiyanın sədri dövlət borcunun idarə olunması sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, 2026–2030-cu illər üzrə “Dövlət borcunun idarə edilməsinə dair Strategiya” sənədinin hazırlanması və Agentliyin fəaliyyət istiqamətlərinə uyğun hüquqi-institusional çərçivənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.