2026-cı ilin ilk 6 ayında Azərbaycanda beynəlxalq yük daşımalarının (BYD) həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34% artıb.
BBN.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov bildirib.
Onun sözlərinə görə, beynəlxalq yükdaşımalar sahəsində əldə olunan artım rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və dövlət dəstəyi mexanizmlərinin həyata keçirilməsi ilə əlaqədardır.
Kənan Qurbanov qeyd edib ki, Türkiyə, Ukrayna, Qırğızıstan və Qazaxıstanla elektron “İcazə” blanklarının tətbiqinə başlanılıb. Yaxın müddətdə Rusiya və Gürcüstanın da bu sistemə qoşulması gözlənilir.
Bundan əlavə, Türkmənistanla birgə e-TIR, Dövlət Gömrük Komitəsi və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) ilə isə e-CMR layihələrinin icra olunduğu bildirilib.
ABADA rəsmisi beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində BSEQ-URTA və TDT-URTA platformaları çərçivəsində fəaliyyətin davam etdirildiyini də vurğulayıb. Eyni zamanda, Azərbaycanın Qazaxıstan, Monqolustan, Çin və Gürcüstanla fəaliyyət göstərən Qarışıq Komissiyalarının işində fəal iştirakının təmin edildiyi qeyd olunub.