Azərbaycanda “EY İlin iş adamı” müsabiqəsinin qalibi elan edilib

“EY Azərbaycan” tərəfindən Azərbaycanda ilk dəfə olaraq keçirilən “EY İlin iş adamı™” müsabiqəsinin qalibi elan edilib. 

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə keçirilən “EY İlin iş adamı” müsabiqəsinə BP və Azərbaycan Beynəlxalq Bankı sponsor dəstəyi göstərib. 

Müsabiqənin qalibini biznes ictimaiyyətinin, dövlət şirkətlərinin top menecerlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti seçib. Müsabiqəyə kənd təsərrüfatı, mebel, tikinti, dəmir məmulatları, boru, şüşə istehsalı, neft-qaz sənayesi, onlayn biznes və s. sahələrdə fəaliyyət göstərən onlarla kiçik və orta sahibkar müraciət edib. Qalib seçim mərhələsindən keçən və sahibkarlıqda liderlik keyfiyyətləri nümayiş etdirən 12 güclü namizəd arasından müəyyənləşib. 

Pandemiya ilə bağlı mükafatlandırma mərasimi onlayn formatda keçirilib.

Müsabiqə iştirakçılarının müraciətlərini hərtərəfli qiymətləndirdikdən sonra münsiflər fərqli kateqoriyalar üzrə nominantları elan ediblər. Beləliklə, aqrar sahədə dayanıqlı inkişaf kateqoriyasında “Geotelmal Aqro” şirkətindən Rasim Əliyev, regional inkişaf nominasiyasında “Woodpecker” şirkətindən Əliyar Əliyev, innovasiyalar kateqoriyası üzrə “GoldenPay” şirkətindən Fərid İsmayılzadə və sosial təsir nominasıyası üzrə “Prometal” şirkətindən Rüfət Əzizov təltif olunublar. 

“HORECA” şirkətinin təsisçisi və rəhbəri Rəşxan Qaraşlı isə “EY İlin iş adamı” müsabiqəsinin qalibi elan olunub. O, “İlin iş adamı” müsabiqəsinin beynəlxalq mərhələsində Azərbaycanı təmsil edərək dünyanın ən yenilikçi iş adamları ilə mübarizə aparacaq.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib: “Azərbaycanda ilk dəfə olaraq keçirilən “EY ilin iş adamı” müsabiqəsinin mükafatlandırma mərasiminin ölkəmizdə 25 aprel “Sahibkarlar Günü”nə təsadüf etməsi əlamətdar haldır. Müsabiqə dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq platformasıdır və sahibkarlıq düşüncə tərzinin təşviq edilməsi və sahibkarların motivasiya edilməsi baxımından əlverişli imkan yaradır. KOBİA bu tədbirin hər il təşkil edilməsini sahibkarlığın inkişafı istiqamətində əhəmiyyətli təşəbbüs kimi dəstəkləyir, müasir dövrün çağırışlarına uyğun olaraq yeni sahibkarlıq rol modelinin formalaşdrılması üçün birgə əməkdaşlığı zəruri hesab edir”.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı