Azərbaycanda internet xidmətləri informasiya və rabitə sektorunda gəlirlərin artımına ən çox töhfə verən istiqamətlərdən birinə çevrilib.
BBN.az xəbər verir ki, 2025-ci ildə internet xidmətlərinin göstərilməsindən əldə olunan gəlir 636,4 milyon manat təşkil edib. 2024-cü ildə bu göstərici 471 milyon manat olub.
Beləliklə, internet xidmətlərindən əldə olunan gəlir bir il ərzində 35,1% artıb.
Son illərin dinamikası da sektorda sürətli böyüməni göstərir. Belə ki, 2021-ci ildə internet xidmətlərindən 249,1 milyon manat gəlir əldə edildiyi halda, 2025-ci ildə bu məbləğ 2,5 dəfədən çox artıb.
İnternet xidmətlərinin informasiya və rabitə sektorunun ümumi gəlirlərindəki payı da yüksəlib. 2021-ci ildə bu xidmətlərin payı 10,4% olduğu halda, 2025-ci ildə 15,8%-ə çatıb.
Əhaliyə göstərilən internet xidmətlərində isə daha yüksək artım qeydə alınıb. 2025-ci ildə bu istiqamət üzrə xidmətlərin dəyəri 448,8 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 45,5% çoxdur.
2021-ci illə müqayisədə əhaliyə göstərilən internet xidmətlərinin dəyəri isə təxminən 2,9 dəfə artıb.