2025-ci ilin yekununda Azərbaycanda kirayə qiymətləri 2024-cü ilin yekunu ilə müqayisədə 7,8 % artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı-nın “Pul Siyasəti İcmalı”nda məlumat verilir.
Sənədə əsasən, adıçəkilən xidmət üzrə qiymətlərin artım tempi ötən ilin ortalarında nisbətən aşağı düşsə də, sentyabrdan yüksəlib. İlkin mənzil bazarında qiymətlər orta hesabla 12,7 %, təkrar mənzil bazarında isə 12,2 % artıb.
Mövzu ilə bağlı Elnur Azadov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, yeni tikilən binaların azalması qiymətlərin yüksəlməsinə təsir göstərir:
“Paytaxtda son illərdə yeni tikililərin sayı ciddi şəkildə azalıb. Hazırda yalnız bəzi yerlərdə söküntü prosesləri başlayıb, bir çox layihələr isə hələ də həyata keçirilməyib. 2016–2018-ci illərdə hər il onlarla layihə başlanır və təxminən 70–80 layihə başa çatdırılırdı. Lakin 2020-ci ildən sonra göstəricilər kəskin düşüb və yalnız təxminən 7–8 yeni bina tikilib. Eyni zamanda, daşınmaz əmlaka olan tələbat artıb, amma təklif bazası məhduddur. Təklifin azlığı bazarın dinamikasını pozur və hazırda Bakı əmlak bazarında ciddi çatışmazlıq müşahidə olunur, xüsusilə fərdi mənzillərdə və yeni tikililərdə”.
Ekspert qeyd edib ki, yaxın günlərdə Bakı şəhərində istismar müddəti bitmiş binaların sökülməsi gözlənilir:
“Təxminən 190 yaxın qəzalı vəziyyətdə bina var ki, onların sökülməsi zəruridir. Bundan sonra köhnə, qeyri-leqal evlərin qanuniləşdirilməsi məsələsi gündəmə gələcək. Əgər söküntü və yeni tikinti layihələri planlandığı kimi həyata keçsə, daşınmaz əmlak bazarında qiymətlərin tənzimlənməsi və aktivliyin artması gözlənilir. Lakin bu prosesin yaxın vaxtlarda baş verməsi real görünmür”.