Azərbaycanda kiçik və orta biznes (KOB) sektorunun əlavə dəyər yaratma qabiliyyəti hələ də aşağı səviyyədədir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən “Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025”in təqdimat seminarında bildirib.
Rüstəm Tahirovun sözlərinə görə, banklar kiçik və orta biznes üçün əsas maliyyələşmə mənbəyidir:
“Rəqəmlərə baxsaq, KOB kreditləri ümumi kredit portfelinin 25 faizini, ümumi biznes portfelinin isə 47 faizini təşkil edir. Bu, bankların real iqtisadiyyatla əməkdaşlığının artdığını göstərir. Lakin bu həm də o deməkdir ki, kredit dövrəsi dəyişdikdə KOB-lar maliyyələşmə əldə etməkdə çətinliklərlə üzləşə bilərlər.”
AMB rəsmisi əlavə edib ki, KOB sektoru məşğulluq baxımından mühüm rol oynayır və milli məşğulluğun təxminən yarısını təmin edir:
“Bununla yanaşı, KOB sektorunun əlavə dəyər yaratma qabiliyyəti aşağıdır. Bu da göstərir ki, KOB məşğulluğu əsasən aşağı məhsuldarlıq sahələrində cəmlənib. Maliyyə aktivlərinin əsasən bank sektorunda toplanması isə bankları KOB-ların maliyyə ehtiyaclarının qarşılanmasında həlledici oyunçuya çevirir.”