Azərbaycanda maliyyə icarəsi fəaliyyəti ilə məşğul olan subyektlərin qeydiyyatı üçün yeni reyestr yaradılacaq.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Maliyyə icarəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycanda dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər və ya xarici hüquqi şəxslərin yerli filialları maliyyə icarəsi fəaliyyətini yalnız Mərkəzi Bank tərəfindən aparılan reyestrə daxil edildikdən sonra həyata keçirə biləcəklər. Reyestrə daxil olmaq üçün “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir.
Eyni zamanda, yerli hüquqi şəxslərin filialları (xarici hüquqi şəxslərin filialları istisna olmaqla) Mərkəzi Banka məlumat verməklə maliyyə icarəsi fəaliyyəti göstərə biləcəklər.
Qeyd olunub ki, Mərkəzi Bank tərəfindən aparılan bu reyestr ictimaiyyət üçün açıq olacaq. Reyestrdə icarəyə verənlərin adı, hüquqi ünvanı, filialları, idarəetmə funksiyalarını həyata keçirən şəxslər, qeydiyyat nömrəsi və tarixi, fəaliyyətin məhdudlaşdırılması və ya dayandırılması, həmçinin reyestrdən çıxarılmış subyektlər barədə məlumatlar yer alacaq.