Niderlandın “ING Group” maliyyə qrupunun proqnozlarına görə, Azərbaycanda ÜDM-in real artımı 2025-ci ildə 1,5 faiz olacaq. 2026-cı ildə bu göstəricinin 2,8 faizə çatacağı gözlənilir. Qeyd edək ki, 2024-cü ildə real ÜDM 4,1 faiz civarında olub.
Proqnoza əsasən, Azərbaycanın nominal ÜDM-i 2025-ci ildə 79,6 milyard dollar, 2026-cı ildə isə 81,3 milyard dollar təşkil edəcək. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 74,3 milyard dollar olub.
“ING Group”un hesablamalarına görə, adambaşına düşən ÜDM 2025-ci ildə 7 631 dollar, 2026-cı ildə isə 7 720 dollar səviyyəsinə çatacaq. 2024-cü ildə bu göstərici 7 284 dollar olub.
“2024-cü ildə ÜDM-in 4,1 faiz artımından sonra bu il artım tempinin zəifləməsi gözlənilməz deyildi, lakin yavaşlamanın miqyası əvvəlki proqnozları üstələdi. Təzyiq həm neft, həm də qeyri-neft sektorlarında, o cümlədən nəqliyyat, tikinti və digər sahələrdə müşahidə olunub”, – ING Group bildirib.
Hesabatda həmçinin qeyd olunur ki, Dövlət Statistika Komitəsinin iyul–avqust ayları üzrə ilkin göstəriciləri dinamikadakı zəifləmənin davam etdiyini göstərir: sənaye istehsalında və xidmət sektorunda azalma müşahidə edilir. Uzunmüddətli perspektivdə neft-qaz sektoru hələ də artımı məhdudlaşdıran əsas amil olaraq qalır, qeyri-neft sahələri isə dayanıqlılıq nümayiş etdirsə də, ümumi yavaşlamadan təsirlənir.
Mənbə: trend.az