2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə olunması nəticəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat əlavə gəlir təmin edilib.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ötən ilin aprel ayından etibarən milli valyutada olan vahid xəzinə hesabının vəsaitlərinin hərrac üsulu ilə depozitlərə yerləşdirilməsinə başlanılıb. Sözügedən mexanizmin əsas məqsədi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə edilməsi və büdcə üçün əlavə gəlirlərin formalaşdırılmasıdır.
Mexanizm çərçivəsində dövlət büdcəsində müvəqqəti olaraq istifadə olunmayan sərbəst vəsaitlər şəffaf və rəqabətli depozit hərracları vasitəsilə bank sektorunda yerləşdirilir. Hərraclarda banklar faiz dərəcələri üzrə təkliflər təqdim edir və ən yüksək faiz təklifi verən banklarda vəsaitlər depozitə yönəldilir. Bu yanaşma həm dövlət büdcəsi üçün əlavə faiz gəlirlərinin əldə edilməsinə, həm də bank sektorunda likvidliyin artmasına şərait yaradır.
Məlumata görə, ötən ilin 9 ayı ərzində keçirilmiş depozit hərracları nəticəsində dövlət büdcəsinə 98,6 milyon manat məbləğində faiz gəliri təmin olunub. Bundan əlavə, Azərbaycan Mərkəzi Bankının vasitəçiliyi ilə xarici valyuta vəsaitlərinin xaricdə likvid fondlara yerləşdirilməsi və idarə olunması nəticəsində il ərzində 22,4 milyon manat ekvivalentində faiz gəliri əldə edilib.