Azərbaycanda xarici mənşəli sənədlərin tərcüməsi elektron qaydada rəsmiləşdiriləcək

Azərbaycanda elektron apostil verilmiş xarici mənşəli sənədlərin müvafiq proqram vasitəsilə yoxlanılmaqla onların tərcüməsinin informasiya sistemi üzərindən notarius tərəfindən distant qaydada rəsmiləşdirilməsi və ünvana çatdırılmasını nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun videokonfrans formatında iclasında Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupunun rəhbəri Leyla Bərxudarzadə bildirib.

İclasda Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi ilə yanaşı, Xarici İşlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Statistika Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, habelə ölkənin aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak edib. Nazirlər Kabinetinin təsdiq etdiyi “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoruna dair müvafiq sahədə təkmilləşmənin həyata keçirilməsi ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə bu ilin I rübündə görülmüş işlər barədə məlumat verilib. Tədbir iştirakçıları Yol Xəritəsinin xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası istiqamətində nəzərdə tutulan işləri müzakirə ediblər.

Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Vətəndaşlıq məsələləri şöbəsinin müdiri Ziya Fətəliyev Azərbaycanın xarici ölkələrdəki konsulluqlarının “Elektron notariat” informasiya sistemi çərçivəsində leqallaşdırılmış sənədlərin elektron nüsxələrinin hazırlanması, tərcüməsi və notarial rəsmiləşdirilməsindən sonra müraciət edən şəxslərə çatdırılması işinin təşkilinə dair gördüyü işlər barədə danışıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azintelecom” MMC-nin Hüquq və sənədlərə nəzarət departamentinin direktoru Kaul Məmmədov Yol Xəritəsi çərçivəsində tətbiqi imkanları araşdırılan “Açıq açarlar infrastrukturu” barədə məlumat verib, bununla bağlı indiyədək görülmüş işləri işçi qrup üzvlərinin diqqətinə çatdırıb.

İşçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva qeyd olunan layihələrin həyata keçirilməsi istiqamətində səylərin artırılmasını, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi zərurətini vurğulayıb. O, bildirib ki, xarici investisiyalı hüquqi şəxslərin qeydiyyatının sadələşdirilməsi sərmayələrin cəlbi baxımından ölkəmiz üçün əhəmiyyət kəsb edir. Azərbaycanın yerli investisiyalı hüquqi şəxslər üçün yaradılmış asan qeydiyyat imkanları beynəlxalq miqyasda yüksək qiymət alıb və dövlətimiz bu prosesi xarici investorlar üçün də sadələşdirmək niyyətindədir.

Yol Xəritəsinin reallaşdırılması prosesində ictimaiyyətin və ekspertlərin iştirakına xüsusi önəm verilir. Özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət” (https://azranking.az/online-apply) bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edə, müvafiq məsələlər barədə təkliflər verə bilərlər.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı