Azərbaycanın bank sektoru hazırda COVID-19 pandemiyasından əvvəlki dövrlə müqayisədə daha dayanıqlı vəziyyətdədir.
Bunu Maksim Malyutin, Fitch Ratings beynəlxalq reytinq agentliyinin maliyyə institutları – banklar üzrə kiçik direktoru “Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri” mövzusunda keçirilən vebinarda bildirib.
Onun sözlərinə görə, bank sektoru daha gəlirli olub, adekvat səviyyədə kapitallaşdırılıb, təkmilləşdirilmiş risk-menecment sistemlərinə və daha çox şaxələndirilmiş resurs bazasına malikdir. “Bu amillər iqtisadi artımın yavaşlaması şəraitində belə bankların maliyyə dayanıqlığını dəstəkləyir”, – deyə o qeyd edib.
M.Malyutin bildirib ki, aktivlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi son illərdə əsas göstəricilərin davamlı şəkildə yaxşılaşmasına imkan verib.
“Pərakəndə seqmentdə artım tempinin zəifləməsində mikroprudensial alətlər getdikcə daha effektiv rol oynayır. Aktivlərin keyfiyyətinə dair əsas göstəricilər ardıcıl üçüncü ildir ki, tarixi minimum səviyyədədir və cari ildə müəyyən təzyiqlərə baxmayaraq, mötədil qalacağı gözlənilir. Hesab edirik ki, ilin sonuna qədər üçüncü mərhələ kreditlərinin (Stage 3) payı ötən ildəki təxminən 3,5 %-dən 4,5 %-ə qədər arta bilər, ikinci mərhələ kreditlərinin (Stage 2) payı isə ümumilikdə sabit qalacaq”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda pərakəndə kreditləşmənin nüfuzetmə səviyyəsi hələ də nisbətən aşağıdır. Bununla belə, fiziki şəxslərin borcunun gəlirə nisbəti ötən il təxminən 20 %-ə yüksəlib, halbuki altı il əvvəl bu göstərici 12 % təşkil edib.
“Bu səviyyəni hələ də idarəolunan hesab edirik. Lakin borc yükü əmsalı (DTI) 45 %-dən yuxarı olan borcalanların kreditlərinin payı stabil şəkildə yüksək qalır və pərakəndə kredit portfelinin təxminən 40 %-ni təşkil edir. Eyni zamanda, yerli banklar ehtiyatlar yaradılmamışdan əvvəl yüksək mənfəət əldə etməyə davam edir. Faiz marjası hazırda təxminən 7 % səviyyəsindədir, lakin kreditləşmənin yavaşlaması və maliyyələşdirmə xərclərinin artması fonunda onun azalacağı gözlənilir”, – deyə M.Malyutin əlavə edib.