Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və əməkdaşları tərəfindən bank sığortaçılığının cari vəziyyətini qiymətləndirən üçüncü tədqiqat işi peşəkar sığorta bazarı iştirakçılarına təqdim olunub.
ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev bildirib ki, tədqiqatın məqsədi bankların sığorta şirkətləri ilə biznes əməkdaşlığının mövcud vəziyyətini araşdırmaq, bu sahənin inkişafına mane olan səbəbləri müəyyən etmək və ekspert təkliflərini toplamaqdır.
Araşdırmada bank sığorta məhsullarının növləri, istifadəçilərin gender, yaş və gəlir səviyyəsinə görə davranışları, məhsullardan imtina səbəbləri və digər aktual məsələlər öyrənilib. Sorğuda 500 respondent iştirak edib, onlardan 53%-i kişi, 47%-i qadın olub. Tədqiqat Bakı və ətraf bölgələrdə aparılıb.
Pərviz Quliyev əlavə edib ki, bankların hazırda əsasən kreditlərlə bağlı məhsulları satması və digər sığorta məhsullarını təklif etmək imkanlarını tam dəyərləndirməməsi araşdırmanın əsas səbəblərindəndir.