Azərbaycanın turizm imkanları İspaniyada təbliğ olunur

Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə dörd yerli tərəfdaşla birlikdə İspaniyanın Madrid şəhərində keçirilən “FITUR” turizm sərgisində nümayiş etdirilir.
İspandilli ölkələr üzrə nüfuzlu turizm tədbirlərindən biri hesab olunan sərgidə Avropanın bir sıra ölkələrindən, həmçinin Latın Amerikasından olan turoperatorlar və səyahət agentlikləri, eləcə də hava yolları və tanıtım şirkətləri ilə B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilir.
Görüşlər çərçivəsində Azərbaycanın turizm potensiallı məkanları, milli mətbəx nümunələri, şərabçılıq, qolf, eləcə də qış turizmi imkanları, dağ-xizək mərkəzləri, UNESCO-nun Ümumdünya İrs Siyahısına yeni daxil olmuş “Xınalıq və Köç Yolu” mədəni landşaftı, o cümlədən işgüzar turizm imkanları haqqında geniş məlumat təqdim olunur.
Sərgidə Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi diqqət mərkəzindədir.
Milli stendimizi Azərbaycanın İspaniya Krallığı və Andorra Knyazlığındakı səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov da ziyarət edib.
Yanvarın 28-dək davam edəcək sərgidə 152 ölkədən 9 mindən çox şirkət iştirak edir və sərgini 150 mindən çox insanın ziyarət edəcəyi proqnozlaşdırılır.

Related posts

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

Aqrar sığorta mexanizmi – üçüncü şəxslərin hərəkətlərindən dəyən zərərə görə sığorta müqaviləsi bağlayın!

Bu ilin birinci yarısında KOB evlərində sahibkarlara 200 mindən çox xidmət göstərilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı