“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ali və peşə təhsili üzrə elan etdiyi 3-cü Təqaüd proqramı müsabiqələrinin qalibləri müəyyənləşib.
Yanvarın 11-də “AzerGold” QSC-nin Bakıda yerləşən baş ofisində ali təhsil, Daşkəsəndə yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində isə peşə təhsili üzrə müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi kadrlarla təmin edilməsi məqsədi ilə təsis edilən müsabiqələrdə 2023-2024-cü tədris ili üzrə 10 nəfər ali məktəb, 8 nəfər peşə məktəbinin tələbəsi təqaüdə layiq görülüb. Test imtahanı və müsahibə mərhələsindən uğurla keçən tələbələr “AzerGold” QSC-nin rəhbərliyi tərəfindən təltifnamə ilə mükafatlandırılıblar.
Təqaüd proqramına cəlb edilən hər bir tələbə 9 ay müddətində hər ay 200 manat məbləğində təqaüd əldə edəcək. Bundan başqa, proqramda iştirak edən tələbələr Səhmdar Cəmiyyətdə təcrübə keçəcək, məzun olduqdan sonra ehtiyac duyulan istiqamətlərdə onların məşğulluğa cəlb edilməsinə baxılacaq.
Xatırladaq ki, ali təhsil üzrə “Təqaüd proqramı” layihəsi bakalavr və magistr səviyyəsinin sonuncu kursunda əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr üçün təşkil edilib. Ötən illərdən fərqli olaraq bu il dağ-mədən mühəndisliyi, geologiya və metallurgiya sahələri ilə yanaşı, ekologiya, kimya mühəndisliyi, elektrik və energetika mühəndisliyi və digər sahələr üzrə təhsil alan tələbələr də müsabiqədə iştirak ediblər.
Peşə təhsili üzrə “Təqaüd proqramı” müsabiqəsi isə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün təşkil edilib. Müsabiqədə tam orta təhsil bazasından sözügedən peşə təhsili mərkəzinə qəbul olunan və 2023-2024-cü tədris ili üzrə “Dağ-mədən işləri üzrə mütəxəssis”, “Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis” və “Elektrik qaz qaynaqçısı” ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər.
Qeyd edək ki, ötən 3 il ərzində “Təqaüd proqramı” müsabiqələrində iştirak etmiş ali məktəb tələbələrinin sayı 949 nəfər, peşə təhsili alan tələbələrin sayı isə 204 nəfərə çatıb. Bugünədək 28 nəfər ali təhsil, 35 nəfər peşə təhsili üzrə “AzerGold” təqaüdünə layiq görülüb.